Qeyri-sabit hava Astarada sitrus bağlarına ciddi ziyan vurub

Ölkə ərazisində bir neçə gün davam edən qeyri-sabit hava şəraiti Astara rayonundakı meyvə bağlarına ziyan vurub. Bildiyimiz kimi, Astarada sitrusçuluq digər rayonlara nisbətən daha çox inkişaf edib. Buna görə də davamlı olaraq yağıntıların düşməsi əsasən portağal, naringi, feyxoa və limon ağaclarına zərər verib.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, fermerlər əllərindən gələni etsələr də, güclü küləklə müşayiət olunan qar və yağış çoxillik sitrus ağaclarını sındıraraq yararsız hala salıb.

Bağ sahibi Tacir Qədirzadə deyir ki, ötən il 50-60 kq meyvə topladığı ağacda bu il məhsul az olacaq: “Əhalinin dolanışığı sitrus bağıyla bağlıdır. Qar yağması nəticəsində bir çox ağacları qırıb.  Ağac var ondan 50-60 kq məhsul dərirdiksə, üzümüzə gələn il həmin məhsulu verməyəcək. Bir çox ağaclara çoxlu ziyan dəyib”.

Hacihüseyn Qəhrəmanov da bağına ciddi ziyan dəydiyini deyir: “Hər ağacdan misal üçün, 70-100 kq dərərdim. İndi onun budaqların da sındırıb, elə ağac var ki, lap dibdən sındırıb. Türkiyədən gətirilən naringi ağacını elə sındırıb ki, daha ayılan deyil, o bir dənə ağac idi. O biri bağda da ki, portağal ağaclarıdır, o da pay torpaqdadır. Orada 15 sot torpaqdır, o torpaqda 250-yə kimi ağac var. Onlara da ziyan vurub”.

Uzun illərdir sitrus meyvələrinin əkini ilə məşğul olan Zəbiəli Əliyevə məxsus feyxoa bağındakı ağacların 90 faizindən çoxuna ziyan dəyib. Onun sözlərinə görə, 150 ədəd feyxoa ağacından cəmi 10-u qalıb, qalanları qırılıb, yerə tökülüb. Bundan sonra bəzi ağacların yenidən bu vəziyyətə qayıtması üçün təxminən 7-8 il gözləməlidir: “Düz 25 ilin ağacıdır, mən bunları əkmişəm burada. Misal üçün, hər ağacdan dərərdim 55-60 kq, çox da yalan demək olmaz, yalan çıxar, amma fakt bu idi. İndi sən təsəvvür elə 150 ağac, hər ağacdan 50 kq deyək, ton yarım eləyir? Bir tona yaxın, bir dərimdə. Biz bunu 10-15 dəfə dəririk, ardıcıl, hər həftə də dəririk satırıq”.

Bağ sahibləri dayaqlar vasitəsilə budaqları qaldırıb iplə bağlayırlar ki, ağaclar qırılmasın. Tam qırılan ağac gövdələrini və budaqlarını isə ya məcbur olub atırlar, ya da təbii yanacaq kimi evlərində istifadə etməli olurlar. 

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv