Qeyri-sabit hava şəraiti Kürün səviyyəsini qaldırıb
Qeyri-sabit hava şəraiti son günlər Kürün səviyyəsinin qalxmasına səbəb olub. Çayda suyun səviyyəsinin kəskin qalxması nəticəsində Qazax rayonunun Aşağı Salahlı və Orta Salahlı kənd sakinlərinə məxsus onlarla hektar torpağı su yuyub. Kənd sakinlərinin çay kənarında yerləşən təsərrüfatlarını sonuncu dəfə iki il öncə də sel suları yumuşdu. Bu dəfə də sakinlər Kür çayının səviyyəsinin qalxdığını gördükdən sonra, sel ehtimalını nəzərə alaraq fermalardan mal qaralarını təxliyə ediblər. Ona görə də heyvanlar arasında tələfat olmayıb. Lakin təsərrüfatlara ciddi ziyan dəyib. Qazax rayon icra hakimiyyətinin fövqəladə hallar komissiyasından bildirildi ki hazırda təbii fəlakətin vurduğu ziyanın həcmi müəyyənləşdirilir. Qeyd edək ki, qeyri sabit hava şəraiti ilə əlaqədar Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində sel ehtimalına qarşı qabaqlayıcı tədbirlər görülüb. Tovuz suvarma sistemləri idarəsindən bildirilib ki, suvarma nasosları quraşdırılan zona betonlarla mühafizə edilib. Hazırda qərb bölgəsində qeyri-sabit, dəyişkən hava şəraiti müşahidə edilir. FUAD NAZİMOĞLU