Qəzada ölən qız və oğlan Bakıya nişan üzüyü almağa gedirmiş

Qobustanda 5 nəfərin öldüyü yol qəzası ilə bağlı bəzi məqamlar məlum olub.

Bu gün hadisə nəticəsində dünyasını dəyişən iki nəfər 2000-ci il təvəllüdlü Əmrah Nuriyev və 2006-cı il təvəllüdlü Səmayə Talıbovanın yaxın günlərdə nişan mərasimi olacaqmış. Onlar Bakıya nişan üzüyü almaq üçün gedirmiş. Qəzada ölən 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova Əmrah Nuriyevin bacısı, xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə anasıdır.

Qəzada xəsarət alan 1972-ci il təvəllüdlü Nuriyeva Şölə Xası qızı Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.

Bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, yaralı sol mil-bilək nahiyəsinin qapalı yerdəyişmiş sınığı diaqnozu ilə şöbəyə daxil olub, lazımı ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti stabildir, huşu aydındır. Xəstəyə zəruri tibbi yardımın göstərilməsi davam etdirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “KIA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-ci il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova, 2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib. Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə  Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Ilham Əhmədov, Taleh İbrahimov, APA TV


 

Müəllif | Apa.Tv
Apa.tv