Qəzalı vəziyyətdə olan məktəbdə tədris dayandırıldı
Qəzalı vəziyyətdə olan məktəbdə tədris dayandırıldı
Masallı rayonunun Qəzvinoba kənd ümumi orta məktəbi qəzalı vəziyyətdədir.
APA TV – nin yerli bürosunun verdiyi xəbərə görə, 1959 – cu ildə tikilib, istifadəyə verilən məktəbin binası indi uçub-dağılır. Kənd camaatı öz gücünə müəyyən kosmetik təmir işləri görsələr də, vəziyyət dəyişməz olaraq qalıb. Valideynlər məktəbin hər an uça biləcəyindən narahatdırlar.
Məktəbin qəzalı vəziyyətdə olması barədə sonuncu dəfə bir ay bundan öncə Masallı rayon icra hakimiyyətinə və Lənkəran – Astara Regional Təhsil idarəsinə müraciət olunub. Hər iki qurum məsələyə operativ münasibət bildiriblər. Cari ilin sentyabr, oktyabr aylarında məktəb binasının yenidən tikiləcəyini vəd veriblər. Amma bir məsələ var ki, məktəbdəki hazırkı vəziyyət nəzərə alınaraq məktəbdə tədris dayandırılıb.
Hazırda məktəbdə 20 müəllim, 8 texniki işçi çalışır. Yeni tədris ilində 140 şagirdin təhsil alması proqnozlaşdırılır.