QHT-lərə Dövlət Dəstəyi Şurası ləğv edildi - AGENTLİK YARADILDI
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə" fərman imzalayıb.
APA TV-nin məlumatına görə, fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılıb.
“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsi” təsdiqlənib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (Agentlik) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir. Agentliyin nizamnamə fondu onun balansına verilən dövlət əmlakı hesabına formalaşır.
Müəyyən edilib ki:
- Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 11 (on bir) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;
- Müşahidə Şurasının 8 (səkkiz) üzvü qeyri-hökumət təşkilatlarının, digər 3 (üç) üzvü isə dövlət orqanlarının nümayəndələrindən təyin edilir;
- Agentliyin fəaliyyətinə cari rəhbərliyi Agentliyin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir;
- Agentliyin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.