“Qırmızı Kitab”a düşən quşları ovlayan şəxs tutuldu – SU POLİSİ ƏMƏLİYYAT KEÇİRDİ

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Abşeron rayonu Mehdiabad qəsəbəsində Xəzər dənizində ovlanması qəti qadağan edilən nərə cinsli balıqların satışı ilə məşğul olan Əli Məmmədovu müəyyən ediblər.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Polis əməkdaşları tərəfindən həmin şəxsə məxsus obyektə baxış zamanı külli miqdarda nərə cinsli balıq aşkar olunaraq götürülüb. Araşdırma zamanı bu şəxsin müvafiq icazəsi və kvotası olmadan nərə cinsli balıqların qeyri-qanuni satışını təşkil etdiyi məlum olub. Baxış zamanı obyektdə müvafiq dövlət qurumları tərəfindən saylarının çoxaldılması üçün  Xəzər dənizinə buraxılan körpə nərə cinsli balıqların da tutularaq burada satışa çıxarıldığı məlum olub.

 

Polislər tərəfindən obyektin sahibi Əli Məmmədov barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb.

 

Su Polisləri tərəfindən həmçinin adı “Qırmızı Kitab”a düşən quşların ovlanması və ekoloji cinayətlər törədən şəxslərin müəyyən edilməsi istiqamətində də tədbirlər davam etdirilir.

 

Lənkəran şəhərində keçirilən reyd zamanı ovçuluq bileti olmadan bu fəaliyyətlə məşğul olan Vasif Qurbanov saxlanılıb. Ondan ümumilikdə 18 ədəd  ovlanması qadağan  olunan “Qu quşu”, Qırqovul”, “Çöl ördəyi” və “Çöl qazı” aşkar olunaraq götürülüb.

 

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının xidməti ərazidə keçirdikləri sonuncu tədbir zamanı isə odlu silah-sursat aşkar edilib. Bakı şəhəri istiqamətində Xəzər dənizi sahilində polis əməkdaşları iri daş parçalarının arasında gizlədilən 1 ədəd tapança, 1 ədəd avtomat darağı və 15 ədəd patron aşkar edərək götürüblər. Silah-sursatın kim tərəfindən həmin ərazidə gizlədilməsinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv