“Qırmızı kitab”a düşən quşu ovlayan Masallı sakini yaxalandı

“Qırmızı kitab”a düşmüş quşu ovlayan Masallı sakini saxlanılıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsi ilə Qızılağac Milli Parkının əməkdaşları ekoloji cinayətləri törədənlərə qarşı birgə reyd keçirib.

Bu zaman Masallı rayonu Qədirli kəndində Qızılağac Milli Parkının xüsusi mühafizəsinin hüquqi rejimi tətbiq edilən zonasında olan Böyük körfəz su sahəsində qanunsuz ov edən 1968-ci il təvəllüdlü Çingiz Əmiraslanov saxlanılıb.

Yoxlama zamanı ondan taxta qayıq, taxta avar, bir ədəd qoşalüləli, sənədi olmayan, nömrəsiz ov silahı və həmin ov silahı ilə qanunsuz ovladığı bir ədəd adi qaşqaldaq, iki ədəd ördək və “Qırmızı kitab”a düşmüş bir ədəd sultan toyuğu aşkar edilərək maddi sübut kimi götürülüb.

Saxlanılan Çingiz Əmiraslanov deyir ki, quşların “Qırmızı kitab”a düşdüyünü bilməyib: “Tələbat çox olduğu üçün dedim, gedim balalarım üçün 1-2 quş vurum. Heç yerdə də işləmirəm, bu tüfənglə, köhnə tüfənglə bilmədən vurdum, rəis. Bu toyuq həmişə yol qırağında oturan quşdur, bunlar da elə belə. Ehtiyac olduğu üçün vurdum. Qızılağac qoruğu ərazisindən çıxarkən məni qoruq işçiləri, su polisi ilə tutdular və tüfəngimə baxış keçirdilər, izahatımı aldılar. Mən ehtiyac üzündən vurmuşam, mən ovçu deyiləm”.

Araşdırma zamanı təbiətə dəymiş maddi ziyanın məbləği 1039 manat 50 qəpik müəyyən olunub. Faktla bağlı təhqiqat araşdırması aparılır.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv