Qırmızı qəsəbədə yeni turizm məlumat nişanları istifadəyə verilib
Dövlət Turizm Agentliyinin və İsrailin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə turizm marşrutlarının inkişafı və təkmilləşdirilməsi məqsədilə Quba rayonunun Qırmızı qəsəbəsində yeni turizm məlumat nişanları istifadəyə verilib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, turizm marşrutlarında yolların nişana alınması və işarələnməsi strategiyasına uyğun olaraq qəsəbənin müxtəlif yerlərində 18 ədəd yeni nişan quraşdırılıb.
Bu turizm nişanları vasitəsilə həm əcnəbi, həm də yerli turistlər qəsəbə boyu gəzməli və görməli yerlərin istiqamətlərini müəyyən edə, eləcə də ərazidə quraşdırılmış turizm informasiya lövhələrində həmin obyekt haqqında vacib məlumatları əldə edə biləcəklər:
İsrailin Azərbaycandakı səfirinin müavini Doron Peer bunun turistlər üçün çox vacib olduğunu deyir: “Turistlər üçün vacibdir ki, hara getdiklərini bilsinlər. Biz harasa gedəndə uşaqlarımız bizdən soruşurlar ki, hara gedirik. Biz əvvəl bu sualın cavabını bilmirdik, hazırda bilirik. Bu işarələr böyük layihənin bir hissəsidir. Bu tək Qubada deyil, Azərbaycanın digər ərazilərində də olacaq”.
Bununla yanaşı, Qırmızı qəsəbə və Quba Destinasiya Menecmenti Təşkilatı bu piyada nişanları əsasında turistlərə yəhudi irsi üzrə turlar təşkil etməyi də nəzərdə tutur.
Azərbaycanda yəhudi irsinin təbliği istiqamətində Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və İsrailin Azərbaycandakı səfirliyi gələcəkdə növbəti layihələri də birlikdə həyata keçirməyi planlaşdırır.
Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımovun sözlərinə görə, ölkənin bir çox regionlarında bu istiqamətdə işlərə başlanılıb: “Quba-Xaçmaz bölgəsinə hər il çoxlu turistlər səfər edir. Həm turizm agentliyi, həm də digər qurumlar üçün çox əhəmiyyətlidir ki, turistlərə göstərilən xidmətin keyfiyyəti artırılsın. Bu istiqamətdə uzun müddət idi işlər aparılırdı. Ölkənin bir çox regionlarında bu istiqamətdə işlərə başlanılıb. Qırmızı Qəsəbədə görülən işlər də bunun tərkib hissəsidir”.
Qeyd edək ki, İsrailin hüdudlarından kənarda yerləşən yəhudilərin yaşadığı qəsəbədə iki sinaqoq, yəhudi dinini öyrədən dərnəklər, Dağ Yəhudilərinin muzeyi, turist informasiya mərkəzi və bir çox görməli yerlər mövcuddur.