Qışda soyuq imkan vermir, yayda ilanlar – BU ŞAGİRDLƏRİN MƏKTƏBİ VAR İKƏN YOX KİMİDİR

Nə pəncərələrində şüşə var, nə normal tavanı, nə döşəməsi, nə də divarları var. O ki, qış gəlir, soyuğa görə heç kim övladını məktəbə göndərmək istəmir. Söhbət Şamaxınınn Bağırlı kəndində yerləşən şəhid Faiq Şıxəliyev adına tam orta məktəbdən gedir.

Şamaxının Bağırlı kəndində məktəb binası olmadığı üçün uzun illərdir ki, bu iki köhnə dövlət binası şagirdlərin istifadəsinə verilib. Binalardan biri 1963-cü ildə, digəri isə 1989-cu ildə inşa edilib. İllər öncə məktəbin bu binaları da tədricən dağılmağa başlayıb, yararsız hala düşüb. Binalardan biri 58 ildən sonra tamamən yararsız hala düşüb: tavan çöküb, divarlar içəridən və çöldən çatlayıb, pəncərələrdə şüşə qalmayıb, döşəmənin üstündə isə gəzmək mümkün deyil.

Dərs otaqlarının sayı çox az, sahəsi isə kiçik olduğundan kənddə yerləşən daha iki dövlət binası - laboratoriya və kənd mədəniyyət evi də şagirdlərin dərs keçməsi üçün istifadə olunur. Bu köhnə binalarda elektrik enerjisinin yoxluğu otaqların hədsiz dərəcədə qaranlıq olmasına səbəb olur. İstilik sistemindən isə söz belə gedə bilməz. Qızınmaq üçün tək çarə odun sobalarına qalır ki, onların da yanmağı yanmamağından daha yaxşıdır. Çünki, sinif otaqlarında nə qapı var nə də pəncərələrində şüşə. Bu səbəbdən də şagirdlər istisinə qızınmadıqları ocağın tüstüsünə kor olurlar. Beləcə şagirdlər soyuq, qaranlıq və bərbad vəziyyətdə olan otaqlarda dərs keçməli olurlar.

Yaz və yay aylarında isə vəziyyət dəyişir. Məktəb kollektivinin soyuq dərdi qalmasa da başqa bir problem ortaya çıxır. Hava isti olan kimi döşəmənin altından ilanlar və digər zəhərli həşəratlar çıxaraq siniflərə doluşur.

Bütün bu çətinliklərə baxmayaraq hər il məktəbin məzunlarından bir neçəsi universitetlərə qəbul olur. Məsələn, elə təkcə ötən il Bağırlı kənd tam orta məktəbini bitirən 6 məzundan ikisi yüksək nəticələrlə ali məktəblərə qəbul olub.

Rayon rəhbərliyi məsələdən xəbərdardır və sözügedən məktəb haqqında lazımi qurumlara məlumat verildiyi bildirilib.

Deyilənlər onu göstərir ki, təhsil müəssisəsinin kollektivi bu qışı da şəraitsiz, soyuq və qaranlıq dərs otaqlarında keçirməli olacaqlar.  

 

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv