Qışda ürəyi qarpız istəyən kimdir? - LƏNKƏRANDA ÇİLƏ BAYRAMI
Cənub bölgəsində çillə bayramı qeyd olunur.
APA TV-nin cənub bürosunun məlumatına görə, bahar kimi qışın gəlişi də Lənkəranda xüsusi ab-hava ilə qarşılanır.
Qış fəsli çillə adı ilə üç yerə bölünür. Bunlardan böyük çillə 40 gün, kiçik çillə 20 gün, boz ay və ya ala çillə isə bir ay davam edir. İlin ən uzun gecəsindən sonra qış başlayır və çillə bayramı da buna görə qeyd edilir. Qışı xoş qarşılamaq üçün ən əsas şərt evdə qarpız, ya da balqabağın olmasıdır. Əksər ailələr çillə qarpızlarını əvvəlcədən alıb saxlayardılar. Bayram günü evində çillə qarpızı, ya da ağ boranı olsun deyə qabaqcadan ehtiyatını tutmayanlar isə səhər tezdən bazara üz tuturlar: “Gəlmişəm qarpız almağa. Bizdə bu dədə-babadan qalan adətdir, əsasən cənub bölgəsində qeyd olunur. Nişanlı qızlar üçün aparılır. Qiymət də münasibdir”.
“Bu adət bizə ta qədim dövrdən, ata-babalarımızdan qalıb. Hər bir insan belə bir gündə qarpız almalı və ya boranı kəsməlidir ki, bu bir adətdir. Bizim nənələrimiz onu qayda-qanunla kəsib, 7 yerə bölər və 7 evə, ocağa paylayıb bayramı qeyd edərdilər”.
Çillə qarpızı və ağ balqabağa bolluq, bərəkət rəmzi kimi baxılır. Bayram axşamı qarpız kəsmək qışı sevinclə qarşılamaqla bərabər, ondan qorxmamağa işarədir. Nişanlı qızlar üçün bayram xonçası aparmaq adəti bu günümüzə qədər gəlib çatıb. Lənkəran bazarına axın da buna görədir. Qız evinə yola salınacaq qış xonçası üçün bazarlıq edənlərin çox olması ilin-günün bu vaxtı satıcıların ürəyindən xəbər verir: “Bu gün, sabah çillə bayramıdır. Əsasən də bu qarpızlar nişanlı qızlar üçün alınır. Qarpızların çoxu İrandan gəlir, bizim yerli qarpızlar da olur. Məsləhətlisi də İran qarpızlarıdır. Alıcılıq qabiliyyəti də yaxşıdır. Qiymətə gəldikdə, kilosu 2 manat 30 qəpiyədir”.
“Hər il satırıq, əsasən də bunu nişanlı qızlar üçün xonça aparırlar. Qarpız da aparırlar, boranı da apara bilərlər. Qiymətdən başqa fərqləri yoxdur, imkana baxır. Boranının kilosunun qiyməti 0,8-1 AZN, qarpızın isə 2-2,3 AZN arası dəyişir. Yaydan qalan qarpızlar da var, onların qiyməti aşağı olur”.
Çillə qarpızı kəsilən vaxt niyyət tutulur. Qarpızın baş tərəfini kəsirlər və dörd yerə ayırdıqdan sonra atırlar. Əgər hissələrdən ikisi qabıq (qara), ikisi iç “ağ” tərəfi üstə düşsə niyyət qəbul edilmiş sayılır: “Eyni zamanda qarpız həm dairə şəklində olduğundan, həm də yaşıllığı göstərdiyi üçün bir növ baharın simvoludur. Süfrədə ağ boranı da olur. Boranı istiliyin rəmzidir, günəşin, yaşıllığın simvoludur. Həmin təamlar bir növ ağırlıq çıxmaq və qışdan qorxmamaq mənasını verir”.
Çillə qarpızını adətə görə evin ağsaqqalı kəsir və ailə üzvlərinə, qonşulara, xüsusən səhhətində problem olan adamlara verir ki, şəfa tapsınlar. İnanca görə, kim çillə axşamı ürəyində niyyət tutub çillə qarpızından və ya boranısından bir dilim yesə, həm niyyətinə çatar, həm də növbəti qışa qədər sağlam olar.