“Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı videokonfrans keçirilib
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Rusiyanın “Valday” Beynəlxalq Diskussiya Klubunun birgə təşkilatçılığı ilə “Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı beynəlxalq videokonfrans keçirilib.
APA TV xəbər verir ki, Klubun İdarə heyətinin sədri Andrey Bıstritskiy dünyanın hazırda üzləşdiyi pandemiya böhranından danışaraq bildirib ki, normal həyata qayıtmaq üçün kifayət qədər vaxt tələb olunacaq. Onun sözlərinə görə, bu dövrdə dünya daha bariz şəkildə energetikanın əhəmiyyətini anlayıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin Sədri Fərid Şəfiyev isə bildirib ki, Rusiya və Azərbaycanın həyatında energetika böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, xüsusilə energetika sahəsində Rusiya ilə əməkdaşlıq çox əhəmiyyətlidir.
Energetika nazir Pərviz Şahbazov isə çıxışı zamanı qeyd edib ki, “OPEC+ çərçivəsində tənzimləmə mexanizmlərini nəzər alaraq Azərbaycan ilk addım atan ölkələrdən olub. O bildirib ki, dünya ölkələri mövcud vəziyyətdə əməkdaşlığa və innovasiyalara daha açıq olmalıdır.
Nazir həmçinin ənənəvi enerji mənbələrinin cəlbediciliyinin əvvəlki kimi olmadığını və bərpa olunan enerji mənbələrinin rolunun artırılmasının vacibliyini qeyd edib.
Pərviz Şahbazov Azərbaycanda artıq bununla bağlı qanun layihəsi hazırlandığını və özəl sektorun və investisiyanın cəlb olunması üçün əlverişli şəraitin yaradılması istiqamətində addımlar atıldığını deyib.
Rusiyanın Energetika naziri isə dünya iqtisadiyyatının bu il gözlənilməz hadisə ilə üzləşdiyini ÜDM-də 5-6 faiz azalma gözlənildiyini bildirib. Bunun da dünya energetikasına ciddi təsir edəcəyi qeyd edilib.
“Valday” Beynəlxalq Diskussiya Klubunun elmi iş üzrə direktoru Fyodor Lukyanovun moderatorluğu ilə keçirilən tədbirdə ekspertlər sessiyası baş tutub. Sessiyada neftə olan tələbatın sürətlə azalmasından söz açılıb, qazın buna daha az məruz qaldığı vurğulanıb.
Tədbir daha sonra sual-cavab sessiyası ilə davam etdirilib.
Qeyd edək ki, konfrans sabah da qapalı şəkildə öz işini davam etdirəcək.