QMİ: Məscidlərdə bayram namazının qılınması mümkün deyil
“Nazirlər Kabineti yanında Operativ Qərargahın 10 nəfərdən artıq adamın bir yerə toplaşmamaq qadağası qüvvədə qaldığı üçün məscidlərdə bayram, cümə və camaat namazlarının bərpası mümkün deyil”.
Bunu APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev deyib.
Onun sözlərinə görə, qərar qüvvədə qaldığı müddətdə bayram namazını camaatla birgə qılmaq imkanı yoxdur: “Camaat namazları məscidlərdə bərpa olunduqdan sonra insanlar məscidlərdə yenidən birgə namaz qıla bilərlər. Şəriət qanununa görə, bayram namazı kütləvi qılınmalıdır. Şəriət baxımından hətta bildirilir ki, bayram namazı açıq səma altında qılınmalıdır. Bizdə belə şərait olmadığına görə hər il bayram namazlarını məscidlərdə qılırdıq. Koronavirusun yayılmasına görə dünyanın bütün müsəlman ölkələrində cümə, camaat namazları təxirə salınıb. İnsanlar bayramda ailəvi bayramlaşa biləcəklər, bir-birini təbrik edə biləcəklər, amma bayram namazının qılınması vacib deyil. Bir insanın evində 3-5 adamla birgə bayram namazı qılmasına ehtiyac yoxdur”.
F.Nurullayev qeyd edib ki, müsəlmanlar Ramazan bayramında ailə başına hər bir adam üçün 3 kq ərzaq və ya ona bərabər tutulan 5-10 manat arası pulu fitrə çıxara bilərlər. Kimin imkanı varsa, həmin ərzağı və ya pulunu kimsəsiz, imkansız adamlara verə bilər. İlk olaraq fitrə qohumda, qonşuda, yaxında olan imkansız adamlara paylanmalıdır. Daha sonra ailə başçısını itirən insanlar, şəhid ailələri, qayğıya möhtac qocalar, xəstə insanlara fitrə zəkatını vermək olar.