Qobuda telefon kabellərini oğurlayıb tanışına satdı

Abşeronda telefon kabellərini oğurlayan şəxs həbs edilib.

 

APA TV-nin xəbərinə görə, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi, Abşeron Rayon Polis Şöbəsi və Qobu Polis Bölməsi əməkdaşları oğurluq törətməkdə şübhəli bilinən şəxsləri saxlayıb.

 

Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş Zaur Adıgözəlovun Qobu qəsəbəsi ərazisindən telefon kabellərini kəsərək, tanışı Pənah Fərzəliyevə satdığı məlum olub.

 

Saxlanılan Zaur Adıgözəlov şəxs törətdiyi cinayəti etiraf edib: “Ailəliyəm, üç-dörd dəfə məhkumluq həyatı yaşamışam. Bir dəfə Qobuda işləyəndə kabel görmüşəm orda. Sentyabr ayında gəlib kəsib aparmışam. Üzərindən bir müddət keçdikdən sonra yenə gəlmişəm, kəsib aparıb satmışam. Üzərindən beş-altı gün keçdikdən sonra polis əməkdaşları gəlib tutublar məni”.

 

Pənah Fərzəliyev isə ifadəsində metal qəbulu məntəqəsində işlədiyini, boş vaxtlarında taksi fəaliyyəti ilə məşğul olduğunu və Zaurdan aldığı kabellərin oğurluq olduğunu bilmədiyini deyib: “Zauru əvvəlcədən tanıyırdım. Mənə yaxınlaşdı və Qobu qəsəbəsinə  getmək lazım olduğunu dedi. Razılaşıb apardım və orada 15-20 dəqiqə gözlədim. Sonra əlindəki kabelləri gətirib maşına qoydu və onu yaşadığı ünvana apardım. Üzərindən bir xeyli keçdikdən sonra Zaur mənə həmin kabelləri almağı təklif elədi və mən də onu aldım”.

 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv