Qobustanda dəhşətli qəza: 2 ölü, 5 yaralı

 

Qobustanda mikroavtobus qəzaya uğrayıb, 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes-Vita” markalı mikroavtobusun dairəvi yolayrıcına çırpılması nəticəsində 1986-cı il təvəllüdlü sürücü, Balakən rayonunun Yeni Şərif kənd sakini Nurəddin Hacı oğlu Hetayev və sərnişini, 1968-ci il təvəllüdlü Paşa Şahmar oğlu Papahov isə hadisə yerində dünyasını dəyişiblər.

Balakən rayonunun Yeni Şərif kənd sakini, 1960-cı il təvəllüdlü Əsiyyət Süleyman qızı Zirnixova, Qaysa kənd sakinləri - 1960-cı il təvəllüdlü Pirdaş Şaban qızı Qoqayeva və 1963-cü il təvəllüdlü Hacı Şahmar oğlu Əsdiyev, 1962-ci il təvəllüdlü Heybullah İsa oğlu Kahayev və 1985-ci il təvəllüdlü Rəsul Heybullah oğlu Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri həlak olanların meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv