Qobustanda iki yük maşını toqquşdu - ÖLƏN VƏ YARALANANLAR VAR
Bakı-Şamaxı yolunda ağır nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə yolun 78-ci kilometrliyində, Qobustan rayonunun Ceyrankeçməz adlı ərazisində qeydə alınıb.
"Mercedes" markalı yük avtomobili qarşı tərəfdə eyni istiqamətdə hərəkətdə olan "KaMAz" markalı yük avtomobilinə arxa tərəfdən çırpılıb. Hadisə zamanı hər iki avtomobilin sürücüsü - Şamaxı sakinləri, 1975-ci il təvəllüdlü Hidayət Nuru oğlu Səlimov və 1966-cı il təvəllüdlü Neman Vasif oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. "Mercedes"in sərnişini, Qax rayon sakini, 1977-ci il təvəllüdlü Aydın Adil oğlu Qədirov isə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə FHN-nin xilasediciləri cəlb olunub və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsləri çıxarıblar. Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov