Qocalar evinin gözü yolda qalan sakinləri - REPORTAJ

Xalqımız baharın gəlişini, Novruz bayramını qeyd edir. Novruzun əsas adət-ənənlərindən biri də, yaşlılarımızı, ağbirçəklərimizi ziyarət etməkdir. Elə bu ənənəyə sadiq qalaraq qocalar evinə üz tutduq.

 

70 yaşlı Mirhəsən dayı, 75 yaşlı Abdul Əli əmi, 89 yaşlı Sona xanım. Onlar eyni damın altında olsalar da, hərəsinin fərqli hekayəsi var. Hekayələri fərqli olsa da, yolları bir kəsişib.

 

APA TV-nin xəbərinə görə, kimisi yeni yerləşsə də, bəziləri illərdir buranın sakinləridir. Bayramı isə bir stol arxasında qeyd edirlər, sanki illərdir bir birilərini tanıyırmışcasına. Elə Mirhəsən Dadaşov kimi: “Övladlarım var, xaricdə yaşayırlar. İstəyirlər ki, məni də aparsınlar, mən getmirəm öz torpağımdan. Bura mənim üçün həddindən artıq yaxşıdır. Mən əvvəl aşpaz işləmişəm, restoranlarım olub. Hər gün yeməklər bişirirəm. Bu gün xaş bişirmişəm”.

 

Abduləli Baxşəliyev isə qocalar eviə bir neçə gün öncə gəlib: “Bura gəldiyim 6-7 gündür. 10 il Almaniyada yaşamışam. Qızım Fransadadır, bir oğlum burada şəhərdədir, o biri oğlum rayondadır”.

 

Ömrünün 5 ilini qocalar evində keçirən 68 yaşlı Elmira xanım deyir ki, pandemiyaya qədər hər il burada Novruz bayramını daha şən, təntənəli qeyd edirdik. Pandemiya qaydaları tətbiq olunandan sonra isə bayram daha səssiz qeyd edilir: “Əvvəllər tamam başqa idi bayram. Karantin olmayanda qonaqlarımız olurdu, kosalı keçəlli bayram keçirirdik. Müğənnilər, aktyorlar gəlirdi, xoş olurdu bizim üçün”.

 

Qocalar evinin 15 illik sakini Həmid Qəmbərov isə deyir ki, onun üçün bayram Şuşanın alındığı gün idi. Ən çox isə Şuşada tonqal qalananda sevinib: “Bizim bayramımız 27 sentyabrdan başladı, 8 noyabr Şuşa azad olunduğu gün tamamlandı. Əsl bayram o idi. Şuşada tonqalımız yandı. Həmişə deyirdik ki, Qarabağda tonqalımız yansın. O günlər gəldi, şükür olsun. Sağ olsun Prezidentimiz”.

 

Bayram səhəri gözü yolda, qulağı səsdə qalan, bu baharı nisgillə, ürək ağrısı ilə keçirənlər də var:

 

Onlardan biri də Sima xanımdır. Bayramda hər kəsin reallaşmasını istədiyi arzuları var. Onun isə arzusu 7 yaşında övladlığa götürdüyü oğlunun bircə dəfə zəng etməsidir: “Oğlumu görmək istəyərdim. Oğlumun 37 yaşı var. 2004-cü ildən gedib Ukraynaya, indiyə qədər heç bir xəbər yoxdur”.

 

410-cu otaqda isə Zivər xalanın qaldığını öyrəndik. Onu təbrik etmək üçün qapısını döyürük: “65 yaşım var. 2 ildir burdayam. Əvvəllər yoldaşım sağ idi, hamı başıma yığışırdı. O rəhmətə getdi, hamı dağıldı. Qaynım qızı arada gəlir ziyarət etməyə”.

 

Bayram sevincdir, bayram dostluqdur, bayram xatırlanmaqdır. Elə ağbirçəklərimizin də bu Novruz bayramından ən böyük diləyi xatırlanmaqdır.

 

Fatma Zahidqızı

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv
Apa.tv