Qohumlardan ibarət narkoşəbəkənin üzvləri tutuldu
Astarada qohumlardan ibarət narkoşəbəkənin üzvləri saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cahid Hacıağazadə və qohumu Ramal Həmdəmov tutulublar. Keçirilən baxış zamanı Cahid Hacıağazadədən 7 kiloqram 460 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı Cahid Hacıağazadənin həmin narkotik vasitəni qohumu Vüqar Vahabovdan əldə etdiyi müəyyən edilib: “Əmim oğlu Ramal dedi ki, müştəri tapmışam narkotik lazımdır. Mən də getdim qohumum Vüqardan götürdüm. Pəlikeş kəndində polislər bizi tutdular”.
Saxlandıqdan sonra Vüqar Vahabovun yaşadığı evə keçirilən baxış zamanı oradan 2 kiloqram 230 qram marixuana və 1 ədəd qanunsuz olaraq saxladığı “Toz” markalı silah, eləcə də həmin silaha aid 26 ədəd patron aşkarlanaraq götürülüb.
Davam etdirilən əməliyyat tədbirləri nəticəsində Vüqar Vahabovun həmin narkotik vasitəni qohumu, Züngüləş kənd sakini Tosif Məmmədovdan aldığı müəyyən edilib. Tosif Məmmədovun evindən də 1 kiloqram 320 qram marixuana və 1 ədəd qanunsuz “İJ” markalı ov silahı aşkarlanaraq götürülüb: “Xarici ölkə vətəndaşıyla danışmışdım. Mənə demişdi ki, sənə satmaq üçün narkotik verərəm. Narkotiki atmışdılar bizim yaşadığımız Züngüləş kəndində. Götürüb verdim Vüqara, dedim müştəri olanda satarsan. Bir hissəsində qoymuşdum evdə”.
Faktlarla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV