Qohumlarını yığıb Lerikə aparmaq istəyən şəxs cərimələndi – SÜRÜCÜ İSƏ SAXLANILDI
Karantin qaydalarını pozaraq Bakıdan bölgələrə sərnişinlərin hərəkətinə şərait yaradan daha bir sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Bakı şəhər sakini Nizami Ayvazov idarə etdiyi sərnişin avtobusu ilə paytaxt qeydiyyatında olan sərnişinləri Lerik rayonuna aparmaq istəyən zaman Bakı-Qazax yolunun 65-ci kilometrliyində quraşdırılan xüsusi karantin postunda yol polisləri tərəfindən saxlanılıb.
Sürücü əvvəlcə avtobusla postda olan yük maşınları üçün nəzərdə tutulan zolaqdan keçməklə yoxlamadan yayınmaq istəyib. Daha sonra postda xidmət aparan yol polisləri tərəfindən sürücü məcburi qaydada saxlanılıb. Nəqliyyat vasitəsinin salonuna baxış zamanı 40 nəfər bir-biri ilə yaxın qohumluq münasibətində olan paytaxt qeydiyyatında olan sərnişinin karantin qaydalarını pozaraq Lerik rayonuna getmək istədikləri məlum olub.
Avtobusda olan şəxslərdən 14-ü yetkinlik yaşına çatmayan azyaşlılar olub. İstirahət məqsədi ilə yaxın qohumlarını və ailəsini bir yerə cəmləyərək avtobus sifariş verən və tədbiri təşkil edən Fikrət Əliyev və digər 25 sərnişin cərimə olunublar.
Sürücü Nizami Ayvazov barəsində isə inzibati qaydada qərar qəbul edilməsi üçün toplanan materiallar məhkəməyə göndərilib.