Qonşusunun evindən oğurluq etdi, üstündən narkotik tapıldı - GƏNCƏDƏ

Gəncədə bir neçə oğurluq faktının üstü açılıb.

APA TV-nin qərb bürosunun xəbərinə görə, oğurluqda şübhəli bilinən iki nəfər saxlanılıb. Onların birinin üzərindən narkotik vasitə də aşkarlanıb.

 

Üzərində narkotik vasitə tapılan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı Qəhrəman Qəhrəmanovdur. Kəpəz rayon Polis İdarəsində aparılan axtarış zamanı ondan 2 qram heroi”, yaşadığı evdən isə 1 qram maye halında heroin, 1 ədəd kibrit qutusunda toz halında çəkisi 3.45 qram heroin və 0.77 qram metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxsin ətrafında aparılan tədbirlər nəticəsində onun cinayət törətdiyi də müəyyən edilib və oğurladığı əşyaların bir qismi yaşadığı ünvandan maddi sübut kimi götürülüb.

 

DİN mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımovun sözlərinə görə, məlum olub ki, o, qonşusuna məxsus fərdi yaşayış evinə gizli yolla daxil olaraq, oradan 10 000 manat nağd pul və 5 000 manat dəyərində geyim və ev əşyalarını oğurlayıb.

Qəhrəman Qəhrəmanov xeyli müddətdir narkotik aludəçisi olduğunu gizlətməyib və oğurluq etdiyini də etiraf edib: “Narkotiklə məni saxladılar. Özüm istifadəçisiyəm. İki-üç ildir narkotik vururam. Gətirdilər Polis İdarəsinə, orada da etiraf elədim ki, mən qonşunun evinə iki-üç dəfə girib müəyyən əşyalar götürmüşəm. Yəni yüngül bir şeylər olub. Əməlimdən də peşmanam”. Kəpəz polisi rayon ərazisində baş verən digər analoji faktın da üstünü açıb. Noyabrın 27-də ticarət mərkəzlərinin birindən 10 000 manat dəyərində müxtəlif geyim əşyalarını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 41 yaşlı Razi Rzayev saxlanılıb. İlkin dindirilmə zamanı o da törətdiyi cinayəti etiraf edib: “Yoldan keçirdim, gördüm boşdur, girdim götürdüm. Aparıb satdım. Heç nə, 1500-2000 manata verdim getdi. Ehtiyacım var idi”.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Apa.tv