Qoşqar Təhməzli: “AQTA-nın sertifikatı saxtalaşdırılıb”
"12 ton yağın “Bizim Market” mağazalar şəbəkəsində kərə yağı adı ilə saxtalaşdırılması cinayət işidir".
APA TV-nin məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə, belə bir əmtəə nişanı yoxdur və əmtəə nişanı özü də saxtalaşdırılıb: "Məhsulun üzərində onun kərə yağı olduğu göstərilsə də, bu, kərə yağı olmayıb. Təəssüf ki, "SN Qida Təchizat” MMC AQTA-nın sertifikatını saxtalaşdırıb və "Bizim Market"ə təqdim edib. Ekspertizanın nəticələri də göstərdi ki, o, ümumiyyətlə, kərə yağı deyil. Bu faktla bağlı materiallar hazırlanaraq Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib və bu işdə günahı olan insanlar cəzalandırılacaq”.
Qoşqar Təhməzli onu da bildirib ki, ötən il ərzində Daxili İşlər Nazirliyi və Baş Prokurorluqla birgə 45 əməliyyatı nəticəsində 83 ton təhlükəli qida məhsulu aşkarlanaraq dövriyyəyə daxil olmasının qarşısı alınıb, 20 cinayət işi açılıb.
Ötən il AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 19 944 müraciət daxil olduğunu deyən sədr onu da bildirib ki, müraciətlərdən 2291 zəng (11%) istehlakçı hüquqlarının pozulması halları, 480 zəng (2,4%) qida zəhərlənməsi, 89 zəng (0,5%) brusellyoz xəstəliyi, 39 zəng (0,3%) qarayara xəstəliyi, 26 zəng (0,1%) isə vərəm xəstəliyi barədə olub. "Çağrı Mərkəzi” vasitəsilə qida zəhərlənməsi və digər qida mənşəli xəstəliklərə aid Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən 482 təcili bildiriş və məlumat daxil olub. Araşdırmalar nəticəsində 482 bildiriş və məlumat əsasında 208 zəhərlənmə faktı təsdiq edilib, 274 bildiriş təsdiqini tapmayıb: “Müraciətlər əsasında ümumi sayı 987 nəfər zərərçəkən qeydiyyata alınıb, onlardan yalnız 585 nəfərin qida zəhərlənməsi faktı kliniki təsdiqini tapıb. 7 nəfər isə zəhərlənmə nəticəsində ölüb. Ölənlərdən 3 nəfər botulizm zəhərlənməsi nəticəsində dünyasını dəyişib. 4 nəfər isə qida zəhərlənməsi deyil metanolla zəhərlənmədir. Təsdiq olunmuş qida zəhərlənmələri hadisələri əsasən məişət zəminində baş verib ki, bu da 87.7% təşkil edir".
AQTA sədri qeyd edib ki, 2019-cu il ərzində qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə aparılan yoxlamalar və idxal-ixrac nəzarəti tədbirləri zamanı 108.2 min ton və 99.4 min ədəd (buğda, soya, arpa, ting və s.) məhsul zərərsizləşdirilib, 629 ton və 9734.9 litr məhsul məhv edilib, 33.3 ton məhsul isə utilizasiya olunub.
İlahə Vəliyeva
Musa Qulammirzəyev
APA TV