"Qoşulmama Hərəkatı və COVID-19 pandemiyası" mövzusunda beynəlxalq vebinar keçirilib
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə "Qoşulmama Hərəkatı və COVID-19 pandemiyası" mövzusunda beynəlxalq vebinar keçirilib.
APA TV-nin xəbərinə görə, vebinarın moderatoru, BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev bu ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil edilmiş Qoşulma Hərəkatının virtual sammitini xatırladıb.
Bildirib ki, bu tədbir təşkilat tarixində vacib hadisə olmaqla yanaşı, onun güclənməsinə və koronavirus böhranına adekvat reaksiya verməsinə şərait yaradıb. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasına diqqət çəkən Fərid Şəfiyev bu təşəbbüsün də Qoşulmama Hərəkatının fəaliyyətində xüsusi önəm daşıdığını və hərəkatın qlobal rolunun güclənməsinə töhfə verdiyini bildirib.
Daha sonra çıxış edən Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin Direktoru Xalid Teymur Əkrəm deyib ki, dünyanın üzləşdiyi müxtəlif aspektli böhran şəraitində Qoşulmama Hərəkatı beynəlxalq əməkdaşlığın və həmrəyliyin yaradılması üçün mühüm rol oynayır.
BMTM-nin baş məsləhətçisi Vasif Hüseynov deyib ki, Qoşulmama Hərəkatının üzvləri təşkilatın 2019-2022-ci illərdə sədri olan Azərbaycan Prezidentinin pandemiya ilə mübarizə üçün təqdim etdiyi təşəbbüsləri yüksək qiymətləndirir. Onun sözlərinə görə, bu təşəbbüslər içərisində BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil edilməsi təklifi xüsusi qeyd edilməlidir: “Yalnız Ermənistanın qarşı çıxdığı bu təşəbbüsə 130-dan artıq dövlət dəstək göstərib”.
Daha sonra çıxış edən Belarus Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Jauhen Zadrucki deyib ki, koronavirus pandemiyasının beynəlxalq ticarət əlaqələrinə, investisiyalara və s. zərər verməsinə imkan verilməməlidir. Onun sözlərinə görə, ölkəsi Qoşulma Hərəkatının bu cəhətdən fəaliyyətini və Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüslərini yüksək qiymətləndirir.
Vebinar sual-cavab sessiyası ilə davam edib.