Quba polisi intihara cəhdin qarşısını aldı
Quba polisi intihara cəhdin qarşısını alıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, rayon sakini Gülanə Mütəllibova Polis Şöbəsinə müraciət edərək əri Turab Mütəllibov tərəfindən döyülməsi və valideynlərinə məxsus evə qaçması barədə məlumat verib.
Məlumatla əlaqədar əməliyyat qrupu dərhal hadisənin baş verdiyi ünvana yollanıblar. Həmin evin işıqlarının yanmaması və qapının bağlı olması polis əməkdaşlarında şübhə yaradıb.
Həyətə baxan zaman Turab Mütəllibovun özünü asaraq intihara cəhd etməsi aşkarlanıb. Onun bu cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Turab Mütəllibova hadisə yerində ilkin tibbi yardım göstərilib daha sonra isə o, təcili tibbi yardımı stansiyasının əməkdaşlarına təhvil verilib. Hazırda vəziyyəti yaxşıdır.
Faktla bağlı araşdırma aparılır.