Quba sakininin evi görənləri heyran edir

Quba rayonunun Dəlləkli kənd sakini Merdas Abibovun həyəti muzeyi xatırladır.

Həyətində 400-dən çox qədim əşya toplayan Merdas Abibov 40 ildən çoxdur ki, bu işlə məşğuldur.

Həyətdə yaşı 200 ildən çox olan məişət əşyaları və təsərrüfat alətlərinə də rast gəlmək olar. Muzeyi xatırladan bu evdəki əşyalar Azərbaycanın müxtəlif bölgələrinə, fərqli etnik qruplara aiddir. Merdas kişi həyətində özbək, rus, Ukrayna xalqlarına məxsus qədim məişət əşyaları da qorunur.

Merdas Abibov deyir ki, gələcəkdə kənddə muzeyin yaradılmasını arzulayır.

Müsahibimizin sözlərinə görə, həyətdə toplanan hər bir əşyanın öz tarixçəsi var. Məsələn, eksponatlar arasındakı araba təkəri 1979-cu ildə çəkilən “Mən mahnı bəstələyirəm” filminin yadigarıdır.

Merdas Abibovun Həyətində 1778-ci ilə aid samovar da qorunub saxlanılır.

Axısxa türkü olan Merdas Abibovun həyətinə gələnlər müxtəlif dövrlərə aid qazanlar, samovarlar, saxsı qablar, nehrələr, çıraqlar, səhənglər və onlarla başqa məişət əşyaları, eləcə də təsərrüfat alətlərinə tamaşa edə bilərlər. Toplanan əşyalar arasında axısqa türklərinin mədəniyyətini, mətbəxini özündə əks etdirənlər çoxluq təşkil edir.

 

Vəli Turan, Rizvan Hacıyev, APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv