Quba və Xaçmazda yaşayış yerini tərk edən COVID-19 xəstələri aşkarlandı

Xaçmazda COVID-19 infeksiyasına yoluxmuş rayon sakini yaşayış yerini tərk edib.

DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən xəbərə görə, rayon sakini Eldosi Quliyevə COVID-19 testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, rayon ərazisində aşkar edilərək yaşadığı ünvana qaytarılıb.

Onunla profilaktik söhbətlər aparılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Qubada da yaşadıqları evi qanunsuz olaraq tərk edən koronavirus xəstələri aşkarlanıb. Rayon Polis Şöbəsinin əməkdaşları karantin postunda xidmət aparan zaman Amsar kənd sakini Süleyman Mütəllimovu saxlayıb.

Ona koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, Qusar rayonuna getmək istəyib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobili ilə Süleyman Mütəllimov yaşadığı ünvana geri qaytarılıb.

Gün ərzində şöbə əməkdaşları karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən daha iki şəxsi də aşkarlayıblar. Onlar Şabran rayon sakini İlyas İsaqov və Bakı şəhər sakini Gülnaz Bağırovadır.

Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Apa.tv