Quba yəhudiləri Yeni ili qeyd edir – ROŞ-HA-ŞANA BAYRAMINDAN REPORTAJ

Bütün dünya yəhudiləri kimi, Qubadakı Qırmızı Qəsəbə sakinləri də yəhudi təqviminə görə 5781-ci ili qarşılayırlar. Roş-Ha-Şana adlanan bayramın vaxtı təqvimə görə dəyişsə də, hər il əsasən sentyabr ayına təsadüf edir.

 

Quba Rayon İcra Hakimiyyətinin Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pisax İsakov APA TV-nin yerli bürosuna bildirib ki, bu il COVID-19 pandemiyası ilə əlaqədar kütləvi bayram tədbirləri və dini ayinlər keçirilməsə də, qəsəbədə hər kəs öz ailəsi, doğmaları ilə bu bayramı qeyd edir: “Yəhudi təqvimi Ay təqvimidir, ona görə də bu bayram o biri bayramla üst-üstə düşmür. Bu il Tişri ayının 1-i sentyabr ayının 19-na düşüb. Bu bayram yəhudilərin ən əziz bayramıdır. Çünki bu ildə yəhudilər Allaha bir illik hesabat verirlər və onların adını xoş kitaba yazır deyə rəvayət var. Tişri ayının 1-dən 9-na kimi bu bayram qeyd olunur və yəhudilər özlərini elə aparırlar ki, Allah onları həyatını xoş kitabına yazsın”.

 

Yəhudi təqvimi ilə Yeni ilin başlanğıcı sayılan bayram günündə qəsəbə sakinləri dualar oxuyur, ehtiyacı olanlara əl tutur, Tanrıdan günahlarının bağışlanmasını diləyirlər. Bayram süfrəsində dadlı təamlarla yanaşı, dəyirmi doğranmış yerkökü, balıq başı, nar, alma və balın olması vacibdir. Dəyirmi formada doğranmış yerkökü qızıl pulu, var-dövləti, süfrədəki balıq başı ailə başçısını, ailənin böyüyünü simvolizə edir. Bayram təamlarını dadarkən alma bala batırılaraq yeyilir ki, ilboyu ailədə şirinlik, isti münasibət hökm sürsün. Dənələnmiş nar isə ailənin böyüməsinə, yeni doğulacaq uşaqlara işarədir.

 

Qırmızı Qəsəbə sakini Raxmil Samailov bildirib ki, yeni ilin ilk 10 günündə yəhudilər müxtəlif dini ayinləri yerinə yetirir, tövbə edir, müqəddəs “Tövrat” oxuyurlar. Onuncu gündə isə bütün sutkanı ac qalmaqla oruc tutur və müqəddəs “Yom Kipur” gününü qeyd edirlər: “Bu il bizim inancımıza görə, bizim taleyimizin yazıldığı bayramdır. Allah hamı üçün yaxşı qələmlər yazsın. Hər il burda çox adam olurdu, yerli və xaricdən gələnlər. Bu il epidemiyaya görə gələ bilmirlər”.

 

Qeyd edək ki, dağ yəhudilərinin Qubada məskunlaşması XVIII əsrin ortalarına təsadüf edir. Fətəli xanın Quba xanlığına rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər bura köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan çox sinaqoq inşa olunub. Uzun illərdir buradakı yəhudilər azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar.

 

Qırmızı Qəsəbə dünyada İsraildən sonra yəhudilərin yığcam yaşadığı nadir məkandır. “Qafqazın Yerusəlimi” adlandırılan qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadırlar. Burada yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.

Müəllif | Apa.Tv
Apa.tv