Qubada 3 “qonaq” tutuldu

Quba polisi rayon ərazisində müxtəlif cinayətlə törədən 1 paytaxt və 2 Xaçmaz sakinini saxlayıb.

APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, saxlanılan Kamran Heydərov oğurluq, soyğunçuluq və dələduzluq etməkdə şübhəli bilinir.

Tez-tez yolunu Qubadan salan qonşu Kamran Heydərov bir neçə gün əvvəl Barlı kəndində Əvəz Məmmədova məxsus “QAZ 53” markalı yük avtomobilinin ehtiyat hissələrini sökərək Xaçmaza aparıb və metal qəbulu məntəqəsinə satıb:  “İşlə əlaqədar Qubaya gəlmişdim. Qayıdanda yolun qırağında ehtiyat hissəni gördüm. Gördüm ağır dəmirdir, qoydum gəldiyim maşının yük yerinə, gətirdik Xaçmaza. Metal qəbulu məntəqəsinə 25 manata verdik”.  

Kamran Heydərovun həmyerlisi Firdovsi Hacıqayıbov da Qubada ələ keçib. O, taksi xidməti göstərən Quba sakinini soyub. Sürücünün telefonunu əlindən alan Firdovsi əməlini etiraf edib və telefonu Bakıya aparıb satdığını deyib: “Xaçmazdan Qubaya taksi ilə gəldim. Taksi sürücüsünə dedim ki, ver telefonu danışım, danışa-danışa getdim və gözdən itdim. Taksi sürücüsü məni tapa bilmədi, sonra Bakıya getdim və telefonu satdım”. 

Bakı sakini isə adı çəkilən rayonda dələduzluq edib. Tural Quluzadə elan saytlarında qiyməti 1000 manatdan baha olan mobil telefonu dəyərindən daha ucuz qiymətə - 700 manata satılması barədə elan yerləşdirib. Bundan sonra ona zəng edən alıcı ilə satış qiyməti barədə razılığa gəlib. Vətəndaşdan beh tələb edən Tural Quluzadə bank hesab nömrəsini təqdim edib, pulu aldıqdan sonra zənglərə cavab verməyib: “Bakıda yaşayıram. Saytda satışa 700 manata “iPhone” telefon qoymuşdum. Bir nəfər zəng vurdu ki, telefonu alıram, mən də ondan beh olaraq 250 manat istədim. Pulu bank vasitəsi ilə çıxardım və sonra telefona cavab vermədim”.
Faktlarla bağlı araşdırmalar davam edir.

Müəllif | Apa.Tv
Apa.tv