Qubada 63 min manatlıq dələduzluq edən makler yaxalandı
Qubada dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşların etibarından istifadə edərək dələduzluq yolu ilə zərərçəkənlərin pullarını mənimsəyən rayonun Zizik kənd sakini, 48 yaşlı Məmməd Mustafayev saxlanılıb.
İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməllərini etiraf edib. Məlum olub ki, rayon sakini olan bir qadına rayon ərazisində torpaq sahəsi satacağı barədə yalan vədlər verərək onun 30 min manat pulunu dələduzluq yolu ilə ələ keçirilib.
Məmməd Mustafayevin ətrafında aparılan tədbirlərlə onun digər cinayətlərinin üstü də açılıb. Belə ki, M.Mustafayev müxtəlif vaxtlarda daha üç rayon sakinini eyni yolla aldadaraq, onların ümumilikdə 33 manat pulunu dələduzluq yolu ilə mənimsəyib: “Mən Qubada makler işləyirəm, hamı da bilir ki, mən alqı-satqı ilə məşğulam. Bir qadın gəldi ki, mənə torpaq lazımdır. Mən də aparıb göstərdim ki, 25 sot torpağım var, amma sənədləri hazır deyil. Yeri bəyəndi və dedi ki, 30 min verirəm, qalanını da sənədləri hazır edəndən sonra verəcəyəm. Torpağın sənədlərini düzəldə bilmədim. Pulu da sağa-sola öz şəxsi işlərimə xərclədim. Dedim, satıb torpaqdan əlavə pul alaram. Peşmanam və xahiş edirəm ki, mənə vaxt verin, onun pulunu qaytarım”.
Polis əməkdaşları Məmməd Mustafayevin digər analoji cinayətlərdə də iştirakını istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Quba RPŞ-nə və ya şəhər telefonlarından 02333-5-35-11; 02333-5-43-02 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.