Qubada “ağıllı bağlar” salınacaq - TELEFONLA BECƏRİLƏCƏK
15 hektar bağa baxmaq üçün 3 nəfər kifayət edəcək. Amma bir şərtlə - onların mütləq “ağıllı” telefonu olmalıdır.
Azərbaycanda - Qubada ilk dəfə “ağıllı bağ” yaradılır. Aqrotexniki qulluq işləri telefon və ya kompüter vasitəsilə uzaqdan idarə olunacaq.
APA TV-nin məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu yeni - “Ağıllı bağ” layihənin icrasına başlayıb.
Belə bağlarda müxtəlif növ meyvə ağacları becəriləcək. Tinglər əkilməsi ilə paralel, avtomatlaşdırılmış suvarma və gübrələmə sistemləri də quraşdırılır. Daha bir yenilik isə qazılan subartezian quyularının Günəş panellərindən alınmış elektrik enerjisi ilə işləməsidir: “Ağıllı bağ”da mərkəzi xəbərdarlıq sistemi də qurulub. Bu sistem vasitəsilə bitkilərin inkişafı prosesinə nəzarət olunacaq. Meyvə ağaclarının suya, gübrəyə olan tələbatı, həmçinin zərərverici və xəstəlikləri barədə məlumatlar mərkəzi sistemə ötürüləcək. Bundan başqa sistemdə meyvələrin ölçülərinin böyüməsi dinamikası da mütəmadi öz əksini tapacaq”.
Yeniliklər bununla bitmir. “Ağıllı bağ”da dədə-baba alma sortlarından ən populyarı “Qızıl Əhmədi”nin və becərilməsinə ilk dəfə başlanan “Sədəf” sortunun superintensiv qaydada yetişdirilməsi sınaqdan keçiriləcək.
Sadalanan yeniliklərin tətbiqinə gələn il yanvar ayının sonundan başlanacaq.