Qubada bağ evinə oğurluğa girən yeniyetmələr yaxalandı
Qubada bağ evinə oğurluq məqsədilə girən iki yeniyetmə saxlanılıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, rayon sakini İsgəndər Hacıyev Polis Şöbəsinə müraciət edərək, Qələdüz kəndi ərazisində yerləşən bağ evinə naməlum şəxslərin oğurluq məqsədilə daxil olduqları barədə məlumat verib.
Hadisə yerinə baxış keçirən polis əməkdaşları evə qanunsuz daxil olan şəxslər tərəfindən heç bir əşya və ya pul oğurlanmadığını müəyyən ediblər.
Keçirilən əməliyyat nəticəsində rayonun Dağlı kənd sakini olan iki yeniyetmə saxlanılıb.
Saxlanılan yeniyetmələr evdən heç nə tapmadıqları üçün əliboş çıxdıqlarını deyirlər: “Kənddə gəzirdik, gördük bu ev boşdur. Ruslana dedim ki, gedək baxaq, birdən pul olsa, bölüşərik. Pəncərədən baxdıq, gördük evdə heç kim yoxdur. Girdik birinci mərtəbəyə, gəzdik, sonra ikinci mərtəbəyə baxdıq. Heç nə tapmadıqdan sonra çıxıb getdik”.
Faktla bağlı cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.