Qubada bələdiyyə sədri və ailə üzvlərini maşınla vurub öldürməyə cəhd edildi

Bu il avqustun 26-da bir neçə Quba rayon sakininin öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı rayon prokurorluğunda istintaq olunan cinayət işinin istintaqı yekunlaşdırılıb.

 

Quba rayon prokurorluğundan verilən məlumata görə, istintaq zamanı məlum olub ki, rayonun Qımılqazma kənd sakini Aydın Şahverdiyev istifadəsində olan torpaq sahəsini sənədləşdirmək istəyib. Bunun üçün Qəçrəş bələdiyyəsinin sədri vəzifəsini icra edən Vüqar Kərimova müraciət etsə də, bələdiyyə sədri ona kömək etməyib. Bunu biləndən sonra Aydın Şahverdiyev bələdiyyə sədrindən qisas almaq məqsədilə idarə etdiyi avtomobili Vüqar Kərimovun ailə üzvləri - Könül Hüseynova, Səlimə Kərimova, Kərim Kərimov və İlhamə Kərimovanın üzərinə sürərək onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Kənd sakinlərinin müdaxiləsi nəticəsində o, öz cinayətkar əməlini başa çatdıra bilməyib.

 

Aydın Şahverdiyevə xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd, xuliqanlıq və digər maddələrlə ittiham elan edilməklə cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Müəllif | Apa.Tv
Apa.tv