Qubada bu yolda işıq yoxdur – Əraziyə nə icra, nə də AAYDA yiyə durur

 

Bu avtomobil yolu Digah və Xucbala kəndlərindən keçməklə Quba və Qusar rayonlarını birləşdirir. İllər öncə yol asfaltlanarkən podratçı şirkət tərəfindən müasir işıqlandırma sistemi qurulub. Lakin, sakinlərin sevinci cəmi 1 ay çəkib. Ondan sonra bu işıqların yanan günü olmayıb. Kənd sakinləri bildirir ki, bu yolda avtomobillər intensiv hərəkət etdiyindən gecə saatlarında yolu keçmək təhlükəli olur. Dəfələrlə piyadalar yol qəzalarının qurbanı olub. Quba rayonunda küçə və prospektlərin işıqlandırmasına cavabdeh olan Təmiz Quba Mənzil Kommunal Təsərrüfat Birliyindən bildirildi ki, podratçı şirkət işi tamamladıqdan sonra təhvil vermədən gedib. Hazırda işıqlandırma sistemi qurumun balansında olmadığından xidmət göstərilmir. Məsələ ilə bağlı Quba rayon icra hakimiyyətindən də bildirildi ki, işıqlandırma sistemi rayon icra hakimiyyətinin və ona tabeli qurumların balansında deyil. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəflinin də cavabı fərqli olmadı. “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu isə bildirdi ki, respublikada əsas magistrallarda yerləşən işıqlandırma sistemləri ya icra hakimiyyətinin balasında olur, ya da müvafiq yol idarəsinin. Həmin qurumların müraciəti əsasında sayğac quraşdırılır və ərazi “Azərişıq” ASC tərəfindən elektrik enerjisi ilə təmin olunur. Görünən odur ki, həm Quba rayon icra hakimiyyətinin, həm də AAYDA-nin işıqlandırma sistemini balansına almaqda göstərdiyi həvəssizlik də elə sərf olunacaq enerjinin pulunu ödəmək məsələsindən qaynaqlanır. Qeyd edək ki, Digah və Xucbala kəndləri Şahdağ turizm marşrutunun da üzərində yerləşir, qış-yay 10 minlərlə turist buradan keçir.

Cəfər Talıb, APA TV, Quba.

Müəllif | Apa.Tv
Apa.tv