Qubada ənənəvi yəhudi evi bərpa olunacaq

Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə ənənəvi yəhudi evi bərpa olunacaq.

 

APA TV-nin şimal bürosu xəbər verir ki, “Qırmızı qəsəbədə yəhudilərin ənənəvi evinin bərpası layihəsi” Heydər Əliyev Fondunun, ABŞ-ın, İsrailin ölkəmizdəki səfirlikləri və Dağ Yəhudilərinin İrsi Mərkəzi ilə birlikdə həyata keçirilir.

 

Bu gün Qubada layihənin başlanması ilə əlaqədar təşkil olunan mərasimdə ABŞ səfiri Li Litzenberqer, İsrail səfiri Corc Dik, Heydər Əliyev Fondunun departament direktoru, Milli Məclisin deputatı Soltan Məmmədov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev iştirak edib.

 

Soltan Məmmədov Heydər Əliyev Fondunu iştirakı ilə reallaşan “Qırmızı qəsəbədə yəhudilərin ənənəvi evinin bərpası layihəsi”nin turizm baxımından çox əhəmiyyətli olduğunu və buranın gələcəkdə qonaqpərvərliyin bir nümunəsi kimi təqdim olunacağını qeyd edib.

 

ABŞ səfiri Li Litzenberqer Azərbaycanda mədəni müxtəlifliyin bariz nümunəsi olacaq və turistlərinin diqqətini çəkəcək layihədə iştirak etməkdən məmnunluğunu ifadə edib.

 

Tədbirdə qeyd olunub ki, Heydər Əliyev Fondu yarandığı gündən Azərbaycanın tarixi, mədəniyyəti və milli dəyərlərinin dünyada təbliği ilə yanaşı, həm ölkəmizdə həm də Azərbaycandan kənarda müxtəlif dinlərin qardaşlığı, xalqların birliyi və dostluğu ilə bağlı çoxsaylı layihələr həyata keçirib. Fondun təşəbbüsü ilə ölkəmizdə və xaricdə də bir sıra dini məbədlərin bərpası həyata keçirilib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv