Qubada evdən külli miqdarda pul oğurlandı - İKİ DOST SAXLANILIB
Qubada evdən oğurluq edən şəxslər tutulub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba rayonunda regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən isti izlərlə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaraçay kəndi ərazisində yerləşən evlərin birindən içərisində pul və qızıl-zinət əşyaları olan seyfi oğurlamaqla zərərçəkmişə küllü miqdarda maddi ziyan vuran iki şəxs saxlanılıb.
Araşdırmalarla onların həmin kənd sakinləri Əli Əliyev və Seyfəlmülk Eldarov olduqları müəyyən edilib. Dindirilmə zamanı hər iki gənc törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Məlum olub ki, Ə.Əliyev və S.Eldarov hadisənin baş verdiyi evə gecə saatlarında qanunsuz daxil olaraq, oradan içərisində pul və qızıl-zinət əşyaları olan seyfi oğurlayıblar. Daha sonra isə əldə etdikləri pulların bir qismi ilə özlərinə üç ədəd mobil telefon, aksesuarlar, elektron qəlyan və geyim əşyaları alıb, pulların bir qismini isə rayon ərazisində yerləşən otel və iaşə obyektlərində xərcləyiblər. Oğurlanan qızıl-zinət əşyaları və pulların çox hissəsi, eləcə də oğurluq zamanı istifadə edilmiş bir ədəd balta polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Saxlanılan Əli Əliyev törətdiyi cinayəti etiraf edib: “Kəndimizdə bir evdə kassa olduğunu bildim. Dostum Seyfəlmülkün yanına gedərək təklif elədim ki, kassanı çıxaraq. O da razılaşdı, gedib birlikdə kassanı çıxardıq. Kassanı balta ilə açdıq, içindən külli miqdarda pul və qızıl-zinət əşyaları çıxdı. Qızılları gizlətdik, pullarla da özümüzə paltar və telefon aldıq. Hotellərə getdik, orda qaldıq, sabah polislər bizi tutdular”.
Seyfəlmülk Eldarov isə əvvəlcə dostunun oğurluq planına razılaşmadığını deyib: “Əli ilə bir ev gördük, o dedi ki, gəl bu evə girək, yaxşı pul çıxaracağıq. Birinci razılaşmadım, sonra razılığa gəlib axşam girdik evə. Evə girib seyfi alıb apardıq çayın qırağına. Seyfi açdıq, içində də “kalan” pul var idi. Pulu çıxarıb özümüzə telefon və paltar aldıq. Gecə gedib hoteldə qaldıq. Çox peşmanam”.
Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxslərin analoji hadisələrdə iştirak edib-etmədiyi araşdırılır.