Qubada evdən televizor və qəlyan oğurlayan dəstə üzvləri tutuldu
Qubada yaşayış evindən oğurluq edən Şabran sakinləri saxlanılıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun İdris Qışlaq kəndi ərazisində yerləşən evlərin birindən televizor və məişət avadanlıqları, eləcə də iki ədəd qəlyan, həmin qəlyanlara aid tütün məmulatları və aksesuarları oğurlamaqda şübhəli bilinən üç şəxs yaxalanıb.
Araşdırmalarla onların həmin kənd sakini olan bir azyaşlı, Şabran rayon sakinləri olan Tural Ağayev və əvvəllər məhkum olunmuş Əjdər Xıdırov olduqları müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Oğurlanan avadanlıqlar və qəlyanlar polis əməkdaşları tərəfindən Tural Ağayevin yaşadığı evdən maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi açılıb, həmin şəxslərin analoji hadisələrdə iştirak edib-etməmələri araşdırılır.