Qubada iki məktəb koronovirusa görə distant təhsilə keçdi
Quba rayonunda iki məktəb koronavirusa görə distant təhsilə keçib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, rayonun Zərdabi kənd tam orta məktəbi və Quba şəhər Zaur Cəfər adına 3 saylı tam orta məktəbdə şagird və müəllimlər arasında COVID 19-a yoluxma faktı qeydə alındığı üçün tədrisin distant formada davam etdirilməsi barədə qərar qəbul olunub.
3 saylı tam orta məktəbin direktoru Sara Məmmədova deyir ki, tədris ötən gündən dayandırılıb: “Ötən həftənin sonunda məktəbin bir müəlliməsində koronovirus aşkarlandı. Bundan sonra məktəbin bağlanması barədə qərar qəbul olundu. 12 oktyabrdan məktəb bağlıdır, uşaqlar distant təhsil alır”.
Digər məktəbin direktoru Aygün İbrahimova deyir ki, məktəbdə ilk dəfə oktyabrın 6-da ikinci sinif şagirdində koronavirus testi müsbət çıxıb: “Biz sentyabr ayından normal dərslərə başlamışdıq. Oktyabr ayının 6-da bir uşaqda, 2-ci sinifdə oxuyan şagirddə korovirus aşkarlandı. Bu səbəbdən həmin uşağın oxuduğu sinifdə tədris dayandırılıb. O sinifə dərs deyən müəllimlərdən birində də virus testi müsbət çıxdı. Bir də virusa yoluxan şagirdin qardaşı da 6-ci sinif şagirdində də korovirus aşkarlandı və bundan sonra bütün məktəbdə tədris dayandırılıb”.
Qeyd edək ki, rayonun Qamqam kənd orta məktəbinin də 7 müəllim və bir texniki əməkdaşı korovirusa yoluxduğundan bu təhsil ocağında əyani təhsil dayandırılmışdır. Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev deyir ki, bu gündən isə həmin təhsil ocağında əyani formada tədrisə başlanılıb: “Bu gündən artıq əyani dərslər başlanılıb. Bu vaxta qədər müəllimlər və şagirdlər testlər veriblər. Yoluxan bütün müəllimlər sağaldığından dərslər başlanılıb. Rayonun tədris müəllimlərinin hər hansı birində bu kimi hallar qeydə alınarsa tədrisin dayandırılması barədə qərar verilə bilər”.
Qeyd edək ki, Qamqam kənd orta məktəbində əyani dərslər sentyabr ayının 21-də dayandırılmışdır.