Qubada karantin rejimini pozan iki obyekt sahibi və müştəriləri cərimələndi

Qubada karantin qaydalarını pozaraq qanunsuz fəaliyyət göstərən iki obyekt aşkarlanıb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Zöhrab Abdullayev və orada olan 17 nəfər müştəri saxlanılaraq polis şöbəsinə aparılıblar:  

- Bazar ərazisində kafem var. Kafeni açdım, bir saata 17 nəfərə qədər adam gəldi. Dedilər ki, banka gəlmişik pulumuzu almağa növbədir bizə yemək ver. Mən də başladım bunlar üçün yemək hazırlamağa və həmin ərəfədə polis əməkdaşları gəldilər. Peşmanam.

- Qubaya gəlmişdim, gördüm kafe açıqdır girdim yemək yeməyə. Polis əməkdaşları gəlib izah elədilər ki, karantin qaydalarını pozmusunuz. Peşmanıq.

- Qubaya bazarlığa gəlmişdim. Gördüm kafe açıqdır. Gördüm uşaqlar oturub çörək yeyirdilər, mən də oturdum. Elə bu vaxtı polis əməkdaşları gəldilər.

Həmin şəxslər barəsində cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Keçirilmiş digər bir tədbir zamanı rayon ərazisində qaydaları pozaraq fəaliyyət göstərən Rəhman Süleymanova məxsus telefon satışı və təmiri mərkəzi də aşkarlanıb: “Qubada telefon dükanım var. Mən, usta və işçi mağazaya gəldik. Bu zaman polis əməkdaşları gəlib bizi şöbəyə gətirdilər”.

Həmin obyektin fəaliyyəti də dayandırılıb, sahibi Rəhman Süleymanov və orada çalışan iki işçi barədə inzibati qaydada tədbirlər görülüb.

 

Müəllif | Apa.Tv
Apa.tv