Qubada kompleks mülki müdafiə təlimi keçirilib 

İyunun 6-8-də "Azərbaycan Respublikasının 2022-ci il üçün Mülki müdafiə tədbirləri planı" çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəhbərliyi ilə Quba rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, əvvəlcə kompleks mülki müdafiə təlimi ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətinin inzibati binasında müşavirə keçirilib. Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi, general-mayor Niyazi Zamanov fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiənin təşkili, mülki müdafiə tədbirlərinini icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib.

 

Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin olunması, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub. Eyni zamanda, fövqəladə hadisələr zamanı mülki müdafiənin idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təşkil edilməsi və birgə fəaliyyət mexanizminin təkmilləşdirilməsi, mülki müdafiə dəstələri tərəfindən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasının təşkili və həyata keçirilməsi, əhalinin fövqəladə hallar zamanı təhlükəsiz davranış qaydaları üzrə maarifləndirilməsi, iştirakçıların fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili sahəsində bilik və bacarıqlarının artırılması da təlimin əsas məqsədini təşkil edib.

 

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə rayon rəhbərliyinin, FHK-nın və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, rayonun mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin "xəbərdarlıq toplanış" siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib.

Müəllif | Apa.Tv
Apa.tv