Qubada məktəbdə 8 nəfər koronavirusa yoluxdu – TƏDRİS DAYANDIRILDI
Qubanın Qam-qam kəndində yerləşən məktəbin 8 əməkdaşında COVID-19 aşkarlanıb.
APA TV-nin şimal büronun verdiyi məlumat görə, təhsil ocağında ilk yoluxma faktı sentyabrın 18-də qeydə alınıb. Məktəbin direktor müavini Samir Novruzov deyir ki, müəllimlərdən birinin səhətində baş verən dəyişiklikdən sonra verilən analiz nəticəsində 7 müəllim və bir texniki işçinin koronavirusa yoluxması faktı aşkarlanıb: “Özündə narahatlıq hiss edən müəllimlərimizdən biri gedib analiz verib və nəticəsi pozitiv çıxıb. Həmin müəllim də digər müəllimlərlə də təmasda olub. Ona görə də, hamı gedib analiz verib. Hazırda bizdə olan məlumata görə 8 nəfərdə koronavirus aşkarlanıb”.
Məktəbdə sentyabrın 21-dən etibarən tədris dayandırılıb, şagirdlər distant təhsilə cəlb olunub. Kənddə internet şəbəkəsinin zəif olması səbəbindən isə distant təhsildə çətinliklər yaradır.
Təhsil ocağında ümumilikdə 36 müəllim və 14 texniki işçi var. Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev deyir ki, onlardan bəzilərində virusa qarşı alınan nümunələrin cavabları hələ ki, çıxmayıb: “Hazırda TŞ-nin müvafiq əmri ilə tədris dayandırılıb. İbtidai sinif müəllimlərinin də test nümunələri götürülüb. Həmin nəticələr elan olunduqdan sonra tədrisin tamamilə dayandırılıb, ya da davam etdirilməsinə dair qərar Səhiyyə Nazirliyinin və rayon epidemologiya şöbəsinin qərarından asılı olacaq”.
Qeyd edək ki, Mübariz Abdullayev adına Qam-qam tam orta məktəbində 443 şagird təhsil alır. Onlardan 168-i ibtidai siniflərdə oxuyan uşaqlardır.