Qubada narkotik satan 61 yaşlı şəxs tutuldu

Qubada narkotik satışı ilə məşğul olan 61 yaşlı şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat  nəticəsində rayon ərazisində narkotik satışı və kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 61 yaşlı Telman Zeynalov saxlanılıb.  Baxış zamanı onun üzərindən çəkisi 2 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb.

Telman Zeynalov ifadəsində narkotik vasitələri öz istifadəsi üçün əkdiyini bildirib: “Qapımın ağzında dayanmışdım. Polis əməkdaşları yaxınlaşdılar, sənədlərini təqdim edib ciblərimə baxdılar. Cibimdən narkotik vasitə çıxdı, həyətdə şiferin altında da var idi. Bir də həyətdə 36 ədəd çətənə kolu və evdə özüm üçün çəkməyə nəşə var idi. Şiferin altında olan keçən ildən qalan idi. Özüm üçün əkib çəkirəm, sakitləşməyimə kömək edir”.

Telman Zeynalova məxsus evdən isə 0.9 qram, həyətyanı sahəsindən isə 400 qramdan çox olan qurudulmuş marixuana, həmçinin xüsusi aqro-texniki qaydada qulluq edilərək yetişdirilmiş 36 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Apa.tv