Qubada narkotik satan dəstə üzvləri yaxalandı

Qubada iki kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Ramil Kazımov saxlanılıb. Onun üzərindən 1.5 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

O, ifadəsində narkotik maddəni rayon sakini İntiqam Zeynalovdan aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq İntiqam Zeynalov da saxlanılıb. Onun üzərindən isə satış üçün gəzdirdiyi 6.47 qram qurudulmuş marixuana götürülüb.

İntiqam Zeynalovun narkotik maddələri əldə etdiyi mənbə də müəyyənləşdirilib: “Nəşə çəkmək istəyəndə Yafətdən gedib almışam. Hərdən bir gedib alıb çəkmişəm. Mən də bir iki nəfər istəyib. Axırıncı dəfə 50 manat alıb nəşə almışam”.

Polis əməkdaşları Yafət Balayevi da saxlayaraq istintaqa təqdim ediblər: “Quba RPŞ əməkdaşaları məni saxladılar bir büküm nəşə çıxdı üstümdən. Evimdən də tapıldı. İki paketdə iki kiloya yaxın evdə tapdılar. Dost-tanış istəyəndə verirdim. Birinci il özüm əkmişəm, ikinci il özü çıxıb. Yaxşı iş deyil, peşmanam”.

Saxlanılan zaman onun üzərindən satış üçün gəzdirdiyi 7.76 qram, yaşadığı evdən isə ümumi çəkisi 2 kiloqrama yaxın marixuana, eləcə də çətənə toxumları və bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv