Qubadlını azad edib, Şuşa ətrafında şəhid oldu - REPORTAJ

O, döyüşə girəndə yanında neçə nəfər olduğuna baxmazdı. Torpaqlarımızın hər qarışının azad olunmasını o qədər istəyirdi ki, bunun fərqinə də varmazdı.

 

APA TV-nin xəbərinə görə, söhbət Vətən Müharibəsində şücaət göstərən Sumqayıt sakini, Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlısı gizir Zaur Ələsgərlidən gedir.

 

Zaur Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut uğrunda gedən döyüşlərdə düşmənə amansız zərbələr endirib. Hadrutda əlbəyaxa döyüşdə 9 ermənini məhv edib, silah-sursatları sıradan çıxarıb. Qubadlı şəhərinin işğaldan azad olunmasında onun da xüsusi xidmətləri olub. Şəhidin anası Vəfa Abbasova deyir ki, Qubadlı şəhərinə bayrağı sancan onun xidmət etdiyi hərbi hissənin qulluqçuları olub: “Onu dəfn etməyə gedəndə komandiri dedi ki, Xiyabana oturun bizim maşında gedin. Yolboyu onun şücaətindən danışanda mən onda bildim ki, mənim oğlum xüsusi təyinatlı olub, kəşfiyyatçı olub. Komandir deyirdi ki, ay ana, sənin xəbərin var, Qubadlı şəhərini biz 24 nəfər xüsusi təyinatlı burnumuz qanamadan almışıq. Mən fəxr edirəm oğlumla. Elə bir cəsur oğul böyütdüyüm üçün fəxr edirəm”.

 

Cəmi 25 yaşında adını Vətən qəhrəmanları sırasına yazdırmağı bacaran döyüşçümüz oktyabrın 31-də Şuşa ətrafında gedən döyüşlərdə yaralı əsgər yoldaşını döyüş meydanında çıxararkən şəhid olub. Mərdliyi, cəsarəti, səmimiliyi, istiqanlılığı, gülər üzü və heç vaxt yaddan çıxmayan şirin söz-söhbəti isə yaddaşlara həkk olunub.

 

Həyat yoldaşı Vəfa Ələsgərlinin sözlərinə görə, Zaurdan oğlu Ayxan və gələn ilin fevralında dünyaya gələcək, amma üzünü görə bilməyəcəyi körpəsi yadigar qalıb: “Sonuncu dəfə ayın 30-u danışmışıq. Yəni heç bir şey olmamış kimi. Hər zamankı kimi normal formada danışdıq. Ayxan necədir, özün necəsən. Sonuncu sözü də bu oldu ki, özünüzdən muğayat olun. Və ayın 31-i günü şəhid olub. Mən çox fəxr edirəm ki, belə bir igid vətənpərvər oğlanın yoldaşı olmuşam. Hər zaman mən də, balaları da onunla fəxr edəcəyik”.

 

Şəhidin xalası Aynurə Abbasova bildirib ki, Zaur daim öndə olmağı arzulayırdı, Vətəninin yağılardan təmizlənməsini istəyirdi: “Zaur çox igid, mərd oğlan idi, tamam başqa insan idi. Sonuncu dəfə zəng eləmişdi. Hər dəfə danışanda deyirdi Gəncədəyəm. Sonuncu zəngində soruşdum, Zaur, hardasan? Demədi Gəncədəyəm. Güldü. Dedi, xala, bilmirsən hardayam?”

 

Rahat uyu, şəhidim! Vətən torpaqları artıq azaddır!

 

RAMİL ZEYNALLI,

ƏLİ ƏLİYEV

 

Müəllif | Apa.Tv
Apa.tv