Qubalı fermerlər alma yığımına başladı – BOL MƏHSUL GÖZLƏNİLİR

Qubalı fermerlər çəkdikləri əziyyətin bəhrəsini yığmağa başlayıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, bir neçə gündür ki, fermerlər alma yığımına başlayıb. Bağlarda bol məhsul olduğunu deyən təsərrüfat sahibi Merdas Abibov bu il satışla bağlı hələ ki, heç bir problemlə qarşılaşmadıqlarını deyir: “Bir həftədir alma bağlarında yığıma başlamışıq. Məhsulumuz boldur. Hazırda “Golden” sortunu toplayırıq. Ardınca “Startgimson” və “Simerenko” sortlarını yığacağıq. Satışla bağlı problemimiz yoxdur, müştərimiz var. Hər il bizim meyvənin 80 faizi Rusiya bazarlarına göndərilir. Qalanı isə yerli bazarlarda satılır. Pandemiya dövrü olsa da, məhsulumuzu xarici bazara çıxarmaqda problem yoxdur. Almadan əvvəl gilas və gavalı bağlarının məhsulunu Rusiyaya göndərmişik”.

Musa və Merdas Abibov qardaşlarının Qubanın Dəlləkli kəndində 4 hektar sahədə təsərrüfatları var.

Yığılan məhsul əvvəlcə anbarlara toplanılır. Daha sonra bazara çıxarılacaq. Musa Abibovun sözlərinə görə, yerdə qalan keyfiyyəti nisbətən zəif almalar isə şirə istehsalı üçün emal müəssisələrinə təhvil verilir: “Bu il qiymət ötən ilə nisbətən 0.10 qəpik bahadır. Amma meyvənin xərcinə gəldikdə bizi qane etmir. Amma zəhmətə görə bir az üstün olsaydı daha yaxşı olardı”.

Qeyd edək ki, rayonda ümumilikdə, 13 min 800 hektar alma bağı var ki, bunun da 13 min 200 hektarı bar verəndir. Ötən il alma bağlarından 117 min 800 ton məhsul toplanılıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv