Qubalı fermerlər almanın vəziyyətindən də qiymətindən də narazıdırlar
Elə indi də Quba almasını 50 qəpiyə satmaq möcüzə sayılır, desək, yalan olmaz. Hazırda bağlarda alma yığımının qızğın çağı olsa da, satış qiymətləri fermerlərin üzünü güldürmür. Məhsul bol olsa da, alıcı tapmaq bir qədər çətindir. Toplanan meyvənin müəyyən hissəsi satış üçün yerli və paytaxt bazarlarına, böyük hissəsi isə xarici bazarlara göndərilir. Hazırda keyfiyyətli almanın bağlardan topdansatış qiyməti 45-50 qəpik arasında dəyişir. Şimal bölgəsinin alma bağlarında daha çox məhsuldarlığı ilə seçilən “Qolden” və “Simirenko” sortları yetişdirilir. İntensiv bağçılıqla məşğul olan bağbanlar isə, “Qrani smit”, “Fuji” sortlarına üstünlük verirlər. Fermerlər bildirir ki, məhsulun yetişkənlik dövründə hava şəraitinin uyğun olmaması və dərmanların keyfiyyətsizliyi bağlarda bir sıra xəstəliklərin yayılmasına münbit şərait yaradıb. Mütəxəssislər isə, meyvə dərimindən sonrakı dövrdə də müalicə tədbirlərinin görülməli olduğunu bildirir. Hazırda Qubada 14 min hektara yaxın alma bağı var. Hər il rayonun alma bağlarından 110-120 min ton məhsul toplanır.