Qüdrət Həsənquliyev: “Buraxılış imtahanlarını DİM keçirməlidi”

"Təhsildə ən böyük problemlərdən biri universitetlərdə təhsilin səviyyəsinin aşağı olmasıdır. Bu, hamımıza bəllidir. Lakin bunun bir yolunu tapmalıyıq ki, necə edək uşaqlar universitetlərdə yaxşı təhsil alsın".

 

APA TV-nin məlumatına görə, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.

 

O qeyd edib ki, ümumiyyətlə, yerli universitetlər bu illər ərzində hər il 15-20 nəfər məzunu və ya digər tələbələrini xaricdə təcrübə keçməyə, magistr təhsili almağa göndərməli idi: "Həmin tələbələr də xarici universitetlərdə elmi dərəcələr alıb, Azərbaycanda müəllim kimi işləməli idi. Hesab edirəm ki, buna başlamaq üçün gec deyil. Bizim universitetlərdə də yüksək ixtisaslı müəllimlər olmalıdır”.

 

Deputatı narahat edən digər məsələ isə ali məktəblərin buraxılış imtahanı ilə bağlıdır: “Universitetlərin buraxılış imtahanlarını DİM keçirməlidir. Bu halda tələbələr biləcək ki, onlar diplom almaya bilərlər. Həmin imtahandan keçməyən tələbələrə isə diplom əvəzi sertifikat verilə bilər. Bu halda diplom alanlar da özlərinə layiqli iş tapa biləcəklər. Hazırda tikintidə işləyən, taksi sürən - hamı deyir ki, ali təhsilliyəm”.

 

Milli Məclisin deputatı onu da bildirib ki, bu gün Azərbaycan ailələrində sosial gərginlik yaradan məsələlərdən biri də repititorluqdur. “Hazırkı təhsil sistemində çox az sayda abituriyent repititorsuz ali məktəblərə qəbul ola bilir, bu isə ailələrin büdcəsinə ciddi təsir edir. Bunun qarşısının alınması üçün sivil dövlətlərdə olduğu kimi, orta məktəblərin buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək lazımdır. Ədəbiyyat fənnindən buraxılış və ya qəbul imtahanı verməyən şagird bizim böyük ədiblərimizi tanımır. Buna görə də hesab edirəm ki, orta məktəblərdə keçirilən buraxılış imtahanlarında şagirdlər bütün fənlərdən imtahan verməlidir” - deyə, Q.Həsənquliyev qeyd edib.

 

Təhsil Naziri Ceyhun Bayramov isə deyib ki, repititorluq məsələsi kifayət qədər dərin kökü olan məsələdir və təəssüf ki, belə çətin sualların asan həlli yoxdur. Nazirlik də qısa zaman ərzində elə bir qərar qəbul etmək istəyir ki,  bu məsələ kökündən həll edilsin.

 

Təhsil naziri ali məktəblərdə savadlı kadr çatışmazlığı iradına da münasibət bildirib: “Hesab edirəm ki, bizim universitetlərimizin hamısını eyniləşdirmək olmaz. Onların bir çoxunda yüksək ixtisaslı kadrlar fəaliyyət göstərir. Və bu istiqamətdə bir sıra proqramlar tətbiq olunur”.

 

O ki qaldı buraxılış imtahanlarında fənlərin sayının artırılmasına, nazir qeyd edib ki, yeni imtahan modeli bu problemin nisbətən aradan qaldırılmasına təsir edəcək.

 

İlahə Vəliyeva, Əli Ələkbər APA TV

Müəllif | Apa.Tv
Apa.tv