Qüdrət Həsənquliyev: “Dövlət müəssisələri pulunu yerli banklarda saxlasın!”
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib.
APA TV-nin məlumatına görə, iclasın gündəliyinə 13 məsələ daxil edilib.
İclasda “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında Bələdiyyələrin Siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsinə də analoji məzmunda dəyişiklik təklif edilib.
Qanun layihəsinə əsasən, bələdiyyə siyahılarında Şamaxı rayonunun Saqiyan bələdiyyəsi Günəşli bələdiyyəsi ilə əvəz edilib. Qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.
İclasda çıxış edən deputat Tahir Mirkişili bildirib ki, banklarda kredit faizləri yüksəkdir: “Biz də istərdik ki, kredit faizləri birrəqəmli olsun. Bunun üçün banklarda olan sərbəst vəsaitlərin bazara sərbəst transferini təmin etmək lazımdır. Hazırda bank sistemi ilə bağlı Mərkəzi Bankda yeni qanun layihəsi üzərində iş gedir. Bu qanun layihəsi qəbul ediləndə bank kreditlərinə daha yaxşı çıxış imkanları yaradacaq".
Deputat qeyd edib ki, ümumilikdə Azərbaycanda 850 mindən çox fiziki şəxs var və onlar sahibkardır: “Ümumilikdə qanunda nəzərdə tutulan fiziki şəxslərin banklarda olan 20 min manata qədər vəsaitinin sığortalanması 17 milyard manatı əhatə edəcək ki, bu da hazırda kifayət qədər yaxşı rəqəmdir”.
Tahir Mirkişili hüquqi şəxslərin banklarda olan vəsaitinin sığortalanması ilə bağlı məsələyə də münasibət bildirib: “Hüquqi şəxslərin imkanı var ki, bank seçimi edə bilsin. Hüquqi şəxslərin vəsaitlərinin sığortalanması qanunvericilikdə yeni yanaşmadır. Buna bəlli müddətdən sonra qayıda bilərik”.
Deputat Vahid Əhmədov bildirib ki, şəhid və qazi ailələrinin banklarla bağlı çox ciddi problemləri var: “AMB sədrindən xahiş etdik ki, Banklar Assosiasiyası, ümumiyyətlə, bu ailələrin banklarda olan kreditlərini silməklə bağlı məsələyə baxsın. Banklarda vəsait yoxdursa, Mərkəzi Bank mərkəzləşdirilmiş kredit sistemi ilə həmin banklara kredit verə bilər. Biz həmin qazi və şəhidlərin hesabına ərazi bütövlüyümüzü bərpa etmişik”.
Bank sektorundakı vəziyyətin bütün vətəndaşları narahat etdiyini bildirən deputat Qüdrət Həsənquliyev qeyd edib ki, xaricdəki vəsaitlərin bir hissəsinin ölkəyə gətirilməsinin manatın kursuna təsir edə biləcəyi deyilir: “Bəs ölkəyə investisiya qoymadan inkişafa necə nail olunacaq? Bunun özü göstərir ki, bizdə ciddi anormallıq var. Banklarda faizlər yuxarı olduğuna görə bu gün banklarda 7 milyard sərbəst vəsait qalıb. Ona görə də 10 milyonluq Azərbaycan kimi ölkədə iqtisadiyyata yüz milyardlarla investisiya qoyulmalıdır”.
İclasda 9 qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb, müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Milli Məclisin payız sessiyasının növbəti plenar iclası dekabrın 18-də keçiriləcək.