Qüdrət Həsənquliyev: “İdman kompleksləri xəstəxanaya çevrilsin!”

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib.

 

APA TV-nin xəbərinə görə, 92 deputatın iştirak etdiyi iclasa yaşı 65-i keçmiş deputatlar iclasa qatılmayıb.

 

İclasın gündəliyinə altı məsələ daxil edilib. İlk olaraq Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

 

Daha sonra Baş Nazir Əli Əsədovun Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair təqdim etdiyi videohesabat dinlənilib. Baş nazir bildirib ki, Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdədir, tibbi və digər ləvazimatlar yetərincədir: “Koronavirus pandemiyasının qarşısını almaq üçün ölkə prezidentinin 27 fevral 2020-ci il tarixli sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi elan olunub. Martın 29-dan xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı qərar verilib. Görülən bütün tədbirlər yalnız bir məqsəd güdür. Biz bu ağır sınaqdan minimum itki ilə çıxmalı, əhalinin sağlamlığını qorumalıyıq”.

 

Hökumətin dünya iqtisadiyyatında gedən prosesləri yaxından izlədiyini deyən Baş Nazir onu da bildirib ki, hökumət bununla bağlı qabaqlayıcı tədbirlər görür, neftin qiymətinin düşməsinin ölkə iqtisadiyyatına mənfi təsirlərini azaltmaq üçün müxtəlif layihələr həyata keçirir.

 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq atılan addımlar ölkədə koronavirus epidemiyasının kəskin artmasının qarşısını almaqdadır. Eyni zamanda epidemiyanın iqtisadiyyata vurduğu zərərlərin qarşısını almaq üçün lazımi addımlar atılır: "Azərbaycan öz hesabına regionda ən geniş dəstək proqramı elan edən ölkədir. Məsafədən idarəetmə, elektron ticarətin genişlənməsi bu günün əsas tələblərindən biridir”.

 

Deputat Qüdrət Həsənquliyev isə ölkədə koronavirusun geniş yayıldığı bir zamanda büdcəni əlavə məsrəflərdən qorumaq üçün fəaliyyəti dayandırılan bir sıra idman komplekslərini müvəqqəti xəstəxanalara çevirməyi təklif edib: “Bizdə “Vristal Hall”, sərgi salonları, idman kompleksləri var ki, onları xəstəxanalara çevirmək olar ki, əlavə xərclənən pullar istehsal müəssisələrinin yaradılmasına yönəldilsin”.

 

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə qeyd edib ki, bürokratik əngəlləri aradan qaldırmaq, daha çevik olmaq lazımdır. O, eyni zamanda bu gün insanlarda məmnunluq hissi yaratmaq üçün bütün lazımi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv