Qüdrət Həsənquliyev: “Orta təhsilin icbari olması ilə bağlı məsələ qaldırılmalıdır”
Azərbaycanın Əfqanıstan İslam Respublikasında Səfirliyi təsis ediləcək. Səfirlik Əfqanıstanın paytaxtı Kabil şəhərində fəaliyyət göstərəcək.
APA TV-nin xəbərinə görə, bu barədə qərar Milli Məclisin bu gün keçirilən payız sessiyası çərçivəsində sonuncu iclasında qəbul edilib.
Deputat Səməd Seyidov bildirib ki, bir neçə gün öncə Prezident İlham Əliyev Əfqanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib. Əfqanıstan Azərbaycan üçün mühüm tərəfdaşdır. Prezidentin qeyd etdiyi kimi, qardaş Əfqanıstan xalqı müharibədən əvvəl və müharibə dövründə bizi dəstəkləyib: “Əfqanıstanla əlaqələr bu gün olduqca vacibdir. Beynəlxalq səviyyədə, o cümlədən islam dünyası ilə əlaqələrin qurulması üçün bu gün bu qanun layihəsinin qəbulu olduqca stratejidir. Belə bir səfirliyin açılması Azərbaycanın milli maraqlarına tam uyğundur”.
Deputat Siyavuş Novruzov isə təklif edib ki, Əfqanıstan parlamenti ilə dostluq qrupu yaradılsın. Hətta deputat məmnuniyyətlə, bu qrupa rəhbərlik edə biləcəyini də dilə gətirib.
Siyavuş Novruzov hər kəsi həmrəylik günü ərəfəsində həmrəy olmağa çağıraraq bildirib ki, bu gün bəzi şəxslər əhalini çaşdırmağa, qazanılan qələbəyə kölgə salmağa çalışırlar: “Bəzi partiya sədrləri var - hansıların ki, adını çəkməyi Milli Məclisə layiq bilmirəm - onlar dezinformasiyalar yayırlar ki, Şuşa əhalisi Şuşaya qayıtmağa qorxur. İnsanları bu qədər aldatmaq olarmı? Hətta Azərbaycanın daxilində Türkiyənin sülhməramlıların tərkibində olmasına maneçilik törətməyə çalışanların olduğunu iddia edirlər. Bu qədər yalan olarmı?! Bu insanların ictimaiyyət arasında, ABŞ-ın internet kanallarında, Osmanqızının kanalında xalqı çaşdırmağa çalışmasına nə haqqı var? Hələ çıxış edir ki, parlament niyə buna münasibət bildirmir?”
Deputat Aqil Abbas isə bəzi şəxslərin Qarabağa geri qayıtmayacağı ilə bağlı yayılan fikirlərinə münasibət bildirib: “Müəyyən adamlardan bu məqsədlərlə istifadə edirlər. Ağdamda işğal olunmamış ərazidə 45 min əhali yaşayırdı. Oralar bərpa olunandan sonra 100 minə qədər əhali ora qayıtdı. O cümlədən Füzulidə də 40 minə yaxın Füzulili öz torpağına qayıtdı. Qarabağlılar öz torpaqlarına qayıtmaqdan ötrü ölür. Biri mən. Biri burada oturan Qarabağlı deputatlar. Belə təbliğat aparmaqla adamları ruhdan salmaq istəyirlər. Biz Qarabağlılar ruhdan düşən deyilik".
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Komitənin gördüyü işlərlə bağlı hesabat verərək bildirib ki, Azərbaycanda gender bərabərliyi ilə bağlı fəaliyyət planı və Azərbaycanda qadınların sülh və təhlükəsizliklə bağlı proseslərdə iştirakına dair fəaliyyət planı hazırdır. Plan artıq Nazirlər Kabinetinə təqdim edilib və yaxın günlərdə bu fəaliyyət planlarının qəbul edilməsi gözlənilir.
Deputat Qüdrət Həsənquliyev isə təklif edib ki, Bahar Muradova orta təhsilin icbari olması ilə bağlı Konstitusiya Məhkəməsi qarşısında məsələ qaldırsın.
İclasın sonunda Milli Məclis dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə müraciət qəbul edib.