Quduz qoyunları kəsib ailəsinə qonaqlıq verdi: “Baytar dedi yeyilməlidir”
Şabran rayonunda 20 nəfər quduzluq xəstəliyi şübhəsi ilə nəzarətə götürülüb.
Hadisə rayonunun Qorqan kəndində qeydə alınıb. Bir müddət öncə kənd sakininin təsərrüfatına yırtıcı heyvanlar hücum edib. Çaqqallar təsərrüfat sahibinə məxsus xırdabuynuzlu heyvanlara xəsarət yetirib.
Təsərrüfat sahibi yaralı qoyunun ətini fermadakı itlərə verib. Bir müddət sonra qoyunlardan 3-nün xəstələndiyini görən vətəndaş onları kəsib və özündən ayrı yaşayan övladlarının ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib.
Bu yaxınlarda isə təsərrüfatdakı heyvanlarda kütləvi xəstəlik qeydə alınıb və 36 baş qoyundan 10-u tələf olub. Bundan sonra yerli dövlət qurumlarına müraciət edilib.
Yırtıcıların xəsarət yetirdiyi heyvanlardan götürülən nümunələrdə quduzluq xəstəliyinin aşkar edilməsindən sonra çaqqalların xəsarət yetirdiyi heyvanın ətindən yeyən 20 nəfər xüsusi nəzarətə götürülüb. Təsərrüfat sahibi və həyat yoldaşına quduzluq əleyhinə iynə vurulub. Onlardan müvafiq analizlər götürülüb.
Hadisənin səbəbləri ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə digər aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Vəli Turan,
Rizvan Hacıyev,
APA TV