Qurban bayramı ilə əlaqədar onlayn satış yarmarkası təşkil olunacaq

Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən Şəhərə” layihəsi çərçivəsində qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq.

 

Nazirliyin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, COVİD-19 virusunun yayılmasının qarşısını almaq, həmçinin onlayn xidmətlərin daha çox təşviqi məqsədilə sifarişlərin onlayn qaydada həyata keçirilməsi üçün yeni satış portalı vətəndaşların istifadəsinə verilib.

 

Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyən vətəndaşlar www.qurbanliq.kendden.az saytına daxil olaraq 31 iyul saat 00:00-dək mövcud xanalar üzrə məlumatlarını qeyd edə və satış məntəqələrindən onlayn növbə götürə bilərlər.

 

Sifariş edilən qurbanlığın dəyəri kəsilmiş çəkidə hər kiloqram üçün 11.50 AZN-dən hesablanaraq ödəniləcək.  Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini - yəni 20 manat əvvəlcədən onlayn sifariş etdiyi zaman, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdiyi zaman ödəyəcək.

 

Vətəndaşların sifarişi qəbul edildikdən sonra onların mobil telefonuna təsdiq bildirişi göndəriləcək. Daha sonra vətəndaşlar seçdikləri ünvana yaxınlaşaraq telefonundakı təsdiq bildirişini göstərməklə növbə gözləmədən sifariş etdiyi qurbanlığı kəsilmiş formada hazır əldə edə biləcəklər.

 

Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı və Sumqayıt şəhərlərində aşağıda qeyd edilən satış məntəqələrindən götürə biləcəklər:

 

1.       Nizami rayonu, Rizvan Teymurov küç. 21

2.       Nərimanov rayonu, Ağa Nemətulla küç., 45 nömrəli məktəbin yanı

3.       Nəsimi rayonu, 20 Yanvar küç. 243

4.       Binəqədi rayonu, 9 mikrorayon, Mircəlal küç. 41

5.       Binəqədi rayonu, Kazımovski 138 B

6.       Xətai rayonu, Məhəmməd Hadı küç., KTV-nin yanı

7.       Xətai rayonu, Gəncə pr. 148 A, Xəzər univermağının yanı

8.       Xətai rayonu, Lütfizadə küçəsi (Grand marketin yanı)

9.       Suraxanı rayonu, Sakit Qocayev küç. 90

10.     Sumqayıt şəhəri, Azərbaycan prospekti, 20-ci məhəllə (Əşya bazarının yanı)

 

Qurbanlıqların kəsimi  islami qaydalara uyğun həyata keçiriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv