Qusarda beş evdən oğurluq edən usta tutuldu
Qusarda beş evdən oğurluq edən usta tutulub.
DİN mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərindən müxtəlif növ təmir-tikinti alətləri və elektrik naqilləri oğurlamaqla zərərçəkmişlərə maddi ziyan vuran şəxs saxlanılıb.
Araşdırmalarla onun Sabirabad rayon sakini Bağır Bağırov olduğu müəyyən edilib. Məlum olub ki, B.Bağırov bir müddət əvvəl Qusar rayonuna usta kimi işləməyə gəlib. Daha sonra isə o, rayon ərazisində beş evə qanunsuz daxil olaraq, həmin evlərdən
satmaq niyyəti ilə müxtəlif növ təmir-tikinti alətləri və elektrik naqilləri oğurlayıb.
B.Bağırov tərəfindən oğurlanan əşyaların yerləri polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək, maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi açılıb, həmin şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.